Azərbaycanın Rotterdam Konvensiyasına qoşulması ilə bağlı məsləhətləşmələr aparılıb

Dekabrın 21-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, IDEA İctimai Birliyinin, elmi-tədqiqat institutlarının və kimya sənayesinin nümayəndələrinin iştirakı ilə “Kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsi: Rotterdam Konvensiyasının ratifikasiyası istiqamətində addımlar” mövzusunda məsləhətləşmə keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən  bildirilib ki, tədbirin keçirilməsində məqsəd maraqlı tərəflərin iştirakı ilə sözügedən konvensiyanın ratifikasiyasına kömək göstərməkdən, o cümlədən Azərbaycanda kimyəvi təhlükəsizlik üzrə səylərin birləşdirilməsindən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev çıxış edərək bildirib ki, Rotterdam Konvensiyasına üzv dövlətlər beynəlxalq ticarətdə pestisidlərin və müxtəlif təhlükəli kimyəvi maddələrin insan sağlamlığına və ətraf mühitə zərərli təsirinin aradan qaldırılması məqsədilə ümumi səylərini birləşdirir, bu tip maddələr üzrə idxal və ixrac əməliyyatlarına dair qərarların qəbul edilməsini tənzimləmək üçün məlumatların müvafiq əməliyyatlardan öncə tərəflərə çatdırılmasını təmin edir. Bu da mənfi halların qarşısının alınması üçün əhəmiyyətli rol oynayır.

“Artıq Azərbaycan Bazel və Stokholm konvensiyalarına qoşulub. Eyni zamanda, Rotterdam Konvensiyasının ratifikasiya olunması kimyəvi məhsullar və tullantılar üzrə bütün konvensiyaların səmərəli icrasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək” – deyə, Milli Məclisin nümayəndəsi Şamil Hüseynov qeyd edib.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, 2016-cı ildə Azərbaycan Respublikası Hökuməti və FAO rəsmi olaraq, milli fəaliyyət planlarının və strategiyaların hazırlanması, o cümlədən kənd təsərrüfatının və kənd yerlərinin dayanıqlı inkişafının təşviq olunması üzrə məsul maraqlı tərəflərlə əməkdaşlıq etmək üçün razılığa gəlib. Bugünkü iclas da bu əməkdaşlığın təşviq olunması üçün mükəmməl platforma rolunu oynayır. Xanım Çakmak qeyd edib ki, FAO Qlobal Ətraf Mühit Fondu (GEF) ilə birgə tezliklə Azərbaycanın da iştirak edəcəyi “Mərkəzi Asiya ölkələri və Türkiyədə davamlı üzvi çirkləndiricilərin və pestisidlərin həyat dövrünün idarə edilməsi və zərərsizləşdirilməsi” layihəsinin icrasına başlayacaq. Layihə əhalinin sağlamlığına və ətraf mühitə yüksək risk yaradan davamlı üzvi çirkləndiricilərin və digər köhnəlmiş pestisidlərin tullantılarının azaldılmasına, eləcə də bu sahədə hüquqi və institusional bazanın möhkəmləndirilməsinə töhfə verəcək.

Rotterdam Konvensiyası Katibliyinin əlaqələndiricisi, FAO-nun əməkdaşı xanım Kristin Fuel Azərbaycanın konvensiyanı ratifikasiya edəcəyi təqdirdə əldə olunacaq faydalar və imkanlar barədə məlumat verib. “Rotterdam Konvensiyasına qoşulmağın çoxsaylı üstünlüklərindən biri odur ki, ölkə gələcəkdə müvafiq zərərli kimyəvi məhsulların və pestisidlərin idxalı zamanı məlumatlı olacaq və qərar qəbul edə biləcək, eyni zamanda, insan sağlamlığını və ətraf mühiti qorumaqla onların təhlükəsiz istifadəsini təmin edəcək. Əlavə olaraq, konvensiya inkişaf etməkdə olan dövlətlərə müxtəlif zərərli pestisidlərlə bağlı məsələ qaldırmağa və bunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa imkan verəcək”, – deyə Fuel qeyd edib.

FAO-nun beynəlxalq ekspertlərinin təqdimatlarından sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

2016-12-21 / 00:00
Facebook