Müxtəlif dövlət qurumlarının məlumat bazalarının təhlili və inteqrasiyası, obyektlərə yerində baxış, sorğu və müsahibələr, çarpaz (qarşılıqlı) yoxlamalar nəticəsində tam gücü ilə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi elektron reyestri yaradılacaq. Cavabdeh orqan reyestrin saxlanılmasını və mütəmadi yenilənməsini təmin edəcək.
Bu barədə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.
Yetərli səviyyədə istifadə olunmayan aktivlər rəqabətqabiliyyətlilik və investisiya ehtiyacları üzrə təhlil ediləcək. Bu zaman yerli bazarın həcmi, yerli xammalın mövcudluğu, hədəf malların yerli və regional qiymətləri, tarif və gömrük rüsumları diqqətə alınacaqdır. İlkin mərhələdə yerli bazarlarda və region ölkələrinin bazarlarında rəqabət imkanları yüksək qiymətləndirilən aktivlər müəyyənləşdiriləcək, sanasiya tədbirlərinə tələb olunan investisiya həcmləri hesablanacaq, həmçinin ölkənin təbii resurslar bazası (neft-qaz sektoru istisna olmaqla) təhlil edilərək, qara və əlvan metallurgiya, ağır maşınqayırma sahələri üçün istehsalın xammal tələbatının yerli xammal hesabına təminatı sahəsində mövcud olan, lakin istifadə edilməyən imkanlar yenidən qiymətləndiriləcək.
Potensial rəqabət qabiliyyəti yüksək hesab edilən aktivlər (müəssisələr) üzrə texniki-iqtisadi və maliyyə əsaslandırmaları aparılaraq sektora və ümumi iqtisadiyyata təsirlər hesablanacaq, müəssisələrin yenidən işə salınması üçün özəlləşdirmə, borcların restrukturizasiyası, yenidən təşkilolunma, strateji investorun cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, xarici kapitalla birgə müəssisələrin yaradılması, təcrübəli beynəlxalq operatorun idarəetməsinə verilməsi və s. kimi müxtəlif vasitələrdən istifadə olunacaq.
Potensial rəqabət qabiliyyəti aşağı, tələb olunan investisiya həcmləri isə yüksək qiymətləndirilən aktivlərin (müəssisələrin) təyinatının dəyişdirilməsi və sonrakı istifadəsinə, həmçinin aktivlərin təyinatının dəyişdirilməsi mexanizminin sadələşdirilməsi və daha çevik olması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair müvafiq təkliflər hazırlanacaq.
Mərkəzi reyestrin yaradılmasının iqtisadiyyata əsas təsiri resursların tam istifadə olunması üçün şəraitin yaradılmasından ibarət olacaq. Aktivlərin canlandırılması və təyinatının dəyişdirilməsi fəaliyyətinin 2020-ci ildə real ümumi daxili məhsulu 45 milyon manat artıracağı və 2000-dən artıq iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Əsas icra göstəriciləri: mərkəzi reyestr və əlaqələndirilmiş məlumat bazalarının fəaliyyətə başlaması; fəaliyyət göstərməyən ən azı 5 müəssisənin 2020-ci ilədək yenidən işə salınması; rəqabət qabiliyyəti zəif olan 10 müəssisənin istehsal yönümünün dəyişdirilməsi.
Canlandırma və təyinatın dəyişdirilməsi məqsədilə 2020-ci ilədək 280 milyon manat investisiya vəsaitinin tələb ediləcəyi proqnozlaşdırılır.
Müxtəlif dövlət orqanlarının məlumat bazalarının texniki vəziyyətinin aşağı olması və məlumatların dolğun olmaması, canlandırma və təyinatın dəyişdirilməsi üçün tələb edilən maliyyə vəsaitinin çatışmazlığı əsas risk faktorlarındandır.