Mühəndislik, təchizat, tikinti və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı şirkətlərindən biri olan və mərkəzi ofisi ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən “KBR” şirkəti Azərbaycan və digər ölkələrdə texniki xidmətlərin göstərilməsi üzrə “BP International Limited” şirkəti ilə iki qlobal müqavilə imzalayıb.
Birinci müqavilə konseptual mühəndislik xidmətlərinin göstərilməsini, ikinci müqavilə isə İlkin Detallı Layihələndirmə (FEED) və FEED mühəndislik xidmətlərini əhatə edir. Hər iki müqavilə üç il müddətinə imzalanıb və əlavə iki il müddətinə uzadıla bilər.
Müqavilələr Azərbaycan, Alyaska, Anqola, Meksika Körfəzində, İndoneziya, Oman, Trinidad və Birləşmiş Krallıqdakı quru, dəniz, sualtı qazma, yeni və köhnə yataqlarda mühəndislik xidmətlərini əhatə edir.
BP şirkəti ilə 50 illik uğurlu işgüzar münasibətləri olan KBR BP-nin Azərbaycanda həyata keçirdiyi “Şahdəniz-2” layihəsi də daxil olmaqla bir çox layihəsində iştirak edib.
Qeyd edək ki, 2013-cü ilin dekabrında BP Exploration Limited ilə KBR şirkəti arasında “Şahdəniz-2” layihəsi üçün müfəssəl mühəndis-layihələndirmə, layihənin idarə olunması və təchizat-tədarük işləri üzrə dəstək xidmətlərinin göstərilməsi məqsədilə müqavilə imzalanıb. Müqavilənin iş həcmi bir-biri ilə körpü vasitəsilə birləşdirilən iki platformadan ibarət “Şahdəniz-2” kompleksi üçün dənizdə mühəndis-layihələndirmə işlərinə dəstəkdən, Səngəçal terminalında hər birinin gücü gündə 900 milyon kubfut olan iki qaz texnoloji xəttindən ibarət qaz emalı qurğusuna və gündə təxminən 105 min barrel gücə malik kondensat emalı qurğuları üçün quruda mühəndis-layihələndirmə işlərinə dəstək xidmətlərindən, təchizat-tədarük xidmətlərinin göstərilməsindən, layihə üzrə məlumatların idarə olunması üçün inteqratordan ibarətdir.
2015-ci il martın 18-də isə KBR şirkəti ilə SOCAR arasında mühəndislik xidmətləri üzrə birgə müəssisənin təsis edilməsi haqqında saziş imzalanıb. Baş ofisi Bakıda yerləşən SOCAR-KBR birgə müəssisəsi Azərbaycanda dünya standartlarına uyğun müxtəlif layihələr həyata keçirir.
Dünyanın ən iri təbii qaz yataqlarından olan “Şahdəniz-2” Avropa bazarına Xəzər qazının çatdırılması ilə qitənin enerji təhlükəsizliyinin artmasına kömək edəcək.