Strateji Yol Xəritəsi: aqrar sektorda 2020-ci ilədək əsas hədəf indikatorları müəyyən edilib

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə real ümumi daxili məhsul 1235 milyon manat artacaq. Burada birbaşa təsirin təxminən 575 milyon manat, dolayı təsirin isə 660 milyon manat olacağı gözlənilir. Eyni zamanda, regionlar üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.

Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Yol xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək (2015-ci illə müqayisədə) aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

- ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz artması;

- pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması;

- barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması;

- 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması;

- əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması;

- inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması;

- istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz artması;

- istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması;

- kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz artması;

- bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz artması;

- özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması;

- paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın qurulması;

- 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması;

- suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması.

2016-12-15 / 00:00
Facebook