Azərbaycan son illər böyük miqdarda xarici investisiyalar cəlb etməyə nail olub və regionda bu göstəriciyə görə lider ölkədir.
Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu fikirləri dekabrın 5-də vergilər naziri Fazil Məmmədov Pakistan İslam Respublikasının ticarət naziri Xürrəm Dastqir Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirib.
F.Məmmədov Azərbaycanla Pakistan arasında mövcud olan yüksək siyasi əlaqələr və strateji tərəfdaşlıq münasibətlərini qeyd edərək, ölkələrimiz arasında əlaqələrin ildən-ilə genişləndiyini və bütün sahələri əhatə etdiyini bildirib. Azərbaycanla Pakistan arasında mövcud yüksək səviyyəli siyasi əlaqələrə toxunan nazir ölkə rəhbərlərinin səmimi dostluq münasibətlərinin bu əlaqələrə xüsusi təkan verdiyini söyləyib və iqtisadi əlaqələrin dərinləşdirilməsi zərurətini vurğulayıb.
Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, sahibkarlığın inkişafı, xarici investorlar üçün yaradılmış şərait və ölkədəki biznes mühiti barədə məlumat verib. Nəzərə çatdırılıb ki, Azərbaycan iqtisadiyyatı xarici təsirlərə dayanıqlılığını nümayiş etdirir, ölkədə xarici investisiyaların qorunması və biznesin aparılması üçün əlverişli şərait mövcuddur.
Ölkəmizin vergi sistemində aparılan modernləşdirilmə prosesi ilə bağlı qonağı ətraflı məlumatlandıran vergilər naziri bu islahatların əsas məqsədinin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şərtlərin yaradılması, vergi ödəyicilərinə yüksək xidmətlərin göstərilməsi və vergi nəzarətinin səmərəliliyinin artırılmasından ibarət olduğunu diqqətə çatdırıb.
Pakistanın federal ticarət naziri Xürrəm Dastqir Xan ölkələr arasındakı qarşılıqlı iqtisadi və ticari əlaqələrin inkişafında hər iki ölkənin müvafiq qurumlarının önəmli rolunun olduğunu bildirərək, Azərbaycanda iş adamları, xarici investorlar üçün yaradılan münbit şərait, nəqliyyat dəhlizləri, sənaye şəhərcikləri, investisiya parkları, istehsal müəssisələri və digər iqtisadi və ticari imkanlarla daha yaxından tanışlığa ehtiyac duyduqlarını vurğulayıb.
X.Dastgir Xan Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişafın böyük maraqla qarşılandığını, iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin iqtisadi müstəviyə keçirilməsinin zəruriliyini qeyd edib, ticari və iqtisadi potensialın yüksək olduğunu, xüsusilə əczaçılıq sənayesində qarşılıqlı iqtisadi maraqların olduğunu bildirib və Azərbaycan-Pakistan biznes-forumunun iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi baxımından faydalı olacağını diqqətə çatdırıb.
X.Dastgir Xan hər iki ölkənin vergi və gömrük xidmətləri arasında əlaqələrin dərinləşdirilməsi, təcrübə mübadiləsi aparılmasının da vacibliyini qeyd edib.
Görüşdə yaxın gələcəkdə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.