Maroş Şevçoviç: “Cənub Qaz Dəhlizi” layihəsi çox peşəkar səviyyədə icra edilir

“Cənub Qaz Dəhlizi” layihəsi çox peşəkar səviyyədə icra olunur.

Bu sözləri Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Bratislavada keçirilən TATRA Sammiti çərçivəsində təşkil edilən mətbuat konfransında deyib.

“Rəqabət çox çətindir amma əminəm ki, Xəzər qazı “Cənub” qaz dəhlizi vasitəsilə 2020-ci ilə qədər Avropaya nəql ediləcək. Layihəyə çox böyük investisiya qoyuluşu həyata keçirilib. “Cənub Qaz Dəhlizi” layihəsi çox peşəkar səviyyədə icra edilir. Əlbəttə ki, layihənin biznes miqyası aydın şəkildə müşahidə olunur və bu, “Cənub” qaz dəhlizinin tikintisinin vaxtında başa çatdırılmasına əsaslanır. Artıq müvafiq satınalma müqavilələri də imzalanıb. Ona görə də, mən hesab edirəm ki, Xəzər qazı 2020-ci ilə qədər Avropa İttifaqında olacaq”, - deyə M.Şevçovic əlavə edib.

Qeyd edək ki, “Cənub” qaz dəhlizinin seqmentlərini – “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub” qaz dəhlizi dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Bu dəhlizlə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2019-cu ilədək Türkiyəyə, 2020-ci ilə qədər isə Avropaya çatdırılması planlaşdırılır. Azərbaycanın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə ümumilikdə 2 milyard 809 milyon dollar vəsait sərf etməsi nəzərdə tutulur.

2016-11-02 / 00:00
Facebook