Noyabrın 2-də Pirallahı Sənaye Parkında əczaçılıq zavodunun təməli qoyulub.
İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan İnvestisiya Şirkəti, "Vita-A" və Rusiyanın “R-Farm” şirkəti birlikdə "HAYAT pharm" adlı əczaçılıq şirkətinin təməlqoyma mərasimində iştirak edib. Əczaçılıq zavodunun investisiya dəyəri 74 milyon dollar təşkil edir. Yeni yaradılmış əczaçılıq zavodunda ilkin mərhələdə 100-dən çox əczaçılıq məhsullarının istehsalı nəzərdə tutulur.
İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında Pirallahı Sənaye Parkında yaradılan "Hayat pharm" əczaçılıq şirkətinin 2020-ci ildə tam fəaliyyətə başlayacağını deyib.
O bildirib ki, zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq.
Onun sözlərinə görə, zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük, əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar istehsal ediləcək.
"Bu layihə mərhələli şəkildə aparılacaq. Bu ilin axırından başlayaraq logistik infrastruktur yaradılması istiqamətində işlər görüləcək. İlin sonunda dərmanların Azərbaycana idxalı, gələn ildən isə istehsal sahələrinin yaradılması üzrə işlərə başlanılacaq", - deyə Ş.Mustafayev vurğulayıb.
Nazir qeyd edib ki, bu müəssisənin yaradılması Azərbaycanda yeni bir sahənin açılışı deməkdir və onun fəaliyyəti qeyri-neft sektorunun inkişafına xidmət edəcək.