Azərbaycanlı deputatlar AŞPA-da ikili standartlardan və Ermənistanın işğalçılıq siyasətindən danışıblar

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının birinci iş günündə sərbəst müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev son zamanlar dünya siyasətində ikili standartların hakim olduğunu diqqətə çatdırıb. O, işğalçılığın, separatçılığın, millətçiliyin pislənməsi, eləcə də insan hüquqlarının qorunması ilə bağlı vahid yanaşmanın olmamasının beynəlxalq hüququn təməl prinsiplərinə ötəri qiymət verilməsinə gətirib çıxardığını və nəticədə dünyada yeni münaqişələrin yarandığını vurğulayıb.

Deputat deyib: “Dünya ictimaiyyəti tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə vaxtında qiymət verilməməsi Avropanın siyasi xəritəsində yeni oxşar münaqişələrin yaranmasına səbəb olub. İkili standartlar siyasətinin bariz nümunəsi isə bəzi ölkələrin bu günlərdə Ermənistanda keçiriləcək qondarma “erməni soyqırımı”nın “100 illiyi”nə göstərdiyi münasibətdir. O Ermənistan ki, onun hazırkı dövlət rəhbərləri birbaşa azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, Xocalı soyqırımını törədib. Beynəlxalq hüququn bir ölkəyə qarşı tətbiq edilməməsi, digərinə qarşı isə tətbiq olunması, ikili standartlar siyasətinin nümayişi deyilmi?”.

Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarından bəhs edən deputat Sahibə Qafarova bildirib: “Şübhəsiz, Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizin böyük tarixi uğurudur. Bu, müstəqilliyinin cəmi 24 yaşı olan bir ölkəyə böyük etimad, inamdır. Bu cür möhtəşəm idman tədbirinin keçirilməsi üçün məkan olaraq Azərbaycanın seçilməsinə ciddi əsaslar var. Əvvəla, cəmi 24 illik müstəqillik tarixinə malik müasir Azərbaycan dövləti bu qısa zamanda böyük uğurlara imza atmaqla yerləşdiyi Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Azərbaycan dövlətinin bu uğurlarının mərkəzində dayanan əsas amil isə milli maraqlara söykənən, vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsini özündə əks etdirən, həmçinin xarici dövlətlər və təşkilatlarla əlaqələrinin tərəfdaşlıq çərçivəsində inkişafına nail olan siyasətin həyata keçirilməsidir.

Bununla yanaşı, bu gün Azərbaycan həm də dünya miqyasında idman ölkəsi kimi tanınır. Əlbəttə ki, idmana dövlət səviyyəsində xüsusi diqqət və qayğının göstərilməsi həm cəmiyyətimizdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasına xüsusi töhfələr verir.

Azərbaycan bu Oyunları keçirməyə tam hazırdır. Oyunların keçirilməsi ilə bağlı paytaxtımızda bütün zəruri işlər tamamlanıb, güclü infrastruktur yaradılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Avropa Oyunları Təşkilat Komitəsində çalışan peşəkar komanda çox qısa müddətdə - 3 il ərzində demək olar ki, öz işini yekunlaşdırır.

Çox təəssüf ki, belə bir ərəfədə bəzi siyasi dairələr ədalətsiz və qeyri-obyektiv şəkildə Avropa Oyunlarını siyasiləşdirməyə, ölkəmizə qarşı həqiqətdən uzaq ittihamlar səsləndirməyə çalışırlar. Biz bu kampaniyanın daha əvvəllər də, ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi vaxtda da şahidi olmuşuq. Azərbaycan xalqı burada əsas məqsədin nədən ibarət olduğunu yaxşı bilir. Ölkəmizə qarşı bu cür təzyiqlər qəbulolunmazdır və bu təzyiqlər heç bir nəticə verməyəcək.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Sevinc Fətəliyeva çıxışında bildirib ki, bu gün dünyanın hər bir yerində eskalasiya və xoşagəlməz hadisələr müşahidə olunur. Yaxın Şərqdəki, Ukraynadakı hadisələr, dünyanın müxtəlif ölkələrində terror aktları və iğtişaşlar buna nümunədir. Hər sessiyamizda mövzu ilə əlaqəli müzakirə olunan ölkələrin siyahısı çoxalır. Lakın bir sual yaranır: Bu mübarizə nəyin naminə aparılır? İnsan qanı nəyin naminə tökülür?

Təbii ki, bütün bu hadisələrin hamısı hər ölkənin öz tarixinə və ümumiyyətlə dünya tarixinə düşəcək. Lakın tarixdə hansı adla əksini tapacaq ? Təcrübə göstərir ki, eyni hadisələr illər öncə baş verməsindən asılı olmayaraq müxtəlif aspektlərdə interpretasiya olunur və yüz illər sonra qeyri-real, həqiqəti özündə əks etdirməyən tarixi qiymət alır. Qəddarlıq, etnik və dini dözümsüzlük, ərazi iddiaları, hakimiyyət uğrunda mübarizə dünyada hökm sürür. Nədən bəzi hallarda bu qurbanların qanı yerdə qalır, tarixi qiymətini tapmır, digər hallarda isə müharibədə həlak olanlar şəhidlərə çevrilir? Tarixi hadisələr heç vaxt öz tarixi mahiyyətini itirib müəyyən siyasi maraqlara xidmət etmək üçün dəyişə bilməz.

Azərbaycan uzun illərdir ki, beynəlxalq təşkilatlar qarşısında Xocalı soyqırımına siyasi qiymət vermək məsələsini qoyur. İyirmi ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsi dünya birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, qəbul edilən qərarlara baxmayaraq, hələ də gərginlik ocağı kimi qalır. Hər gün dinc vətəndaşlar həlak olur. Bir milyondan çox qaçqın və məcburi köçkünün taleyi hələ də qeyri-müəyyəndir.

Biz tez-tez AŞPA-da insan haqları mövzusunu müzakirə edirik. Çox nadir hallarda öz doğma torpaqlarından didərgin düşən həmin insanların hüquqlarının pozulması gündəmə gətirilir. Sual yaranır, haradadır o zaman insan haqlarının müdafiəçiləri?

Nə qədər ki, qaçqın və məcburi köçkünlərimiz doğma torpaqlarına qayıtmayacaq və onların hüquqları bərpa edilməyəcək, dünyanın müxtəlif ölkələrində qaçqınların sayı artacaq. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində öz həllini tapmayana qədər, Azərbaycan torpaqları işğaldan azad olunmayana qədər, işğal və terror aktlarının sayı da azalmayacaq.

S.Fətəliyeva AŞPA-ya üzv ölkələrin nümayəndələrini siyasi preferensiyalarda daha diqqətli olmağa, baş verən hadisələrə daha həssas yanaşmağa və insan həyatının nə qədər dəyərli olduğunu həmişə xatırlamağa çağırıb.

Deputat Qənirə Paşayeva Ermənistan nümayəndə heyəti üzvlərinin Azərbaycan və Türkiyə əleyhinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlarına cavab olaraq deyib: Xocalı soyqırımını törədən işğalçı bir ölkənin təmsilçisi olaraq sizin bu Assambleyada çıxış etməyə haqqınız yoxdur deyib. Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan bir ölkənin təmsilçilərinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etməyə haqqı yoxdur. Yaxşı olardı ki, erməni deputatlar yalan, qərəz dolu məlumatlarla bütün çıxışlarını Türkiyə və Azərbaycana həsr etməkdənsə, öz ölkələrindəki vəziyyətdən danışsınlar. 23 il əvvəl bütün dünyanın gözü qarşısında Azərbaycanın Xocalı şəhərində mülki insanlara qarşı amansız soyqırımı həyata keçirən Ermənistanın təmsilçilərinin burada soyqırımından danışmaq kimi mənəvi haqqı yoxdur. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq.

2015-04-20 / 00:00
Facebook