Aprelin 18-də Beynəlxalq Mətbuat Mərkəzində “Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Türkiyədən gələn bir qrup QHT təmsilçisinin iştirakı ilə “Xocalı soyqırımı: ikili standartlar və yüz ilin erməni yalanları” mövzusunda konfrans keçirilib. Konfrans çərçivəsində Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztekin “Dünəndən bu günə erməni təcavüzü və Xocalı soyqırımı” kitabının təqdimatı olub.
“Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Vüqar Qədirov Çanaqqala zəfərinin 100-cü ildönümü ərəfəsində belə bir kitabın nəşr olunmasının önəmini qeyd edib. O, tarix boyu ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdiyi terror aktlarından söhbət açıb.
İbrahim Öztek tədbirdə çıxış edərək deyib ki, Azərbaycan və Türkiyə qardaş ölkələr olaraq tarix boyu hər zaman düşdüyü bütün çətin vəziyyətlərdə bir-birinə kömək edib. Hər iki ölkə ermənilərin şər və böhtanlarına, təcavüzünə məruz qalıb. Belə hallarla yenidən üzləşməmək üçün sıx birlik vacibdir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Rasim Mirzəyev Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasətindən, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrindən danışıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qarşısı yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alınıb.
R.Mirzəyev qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri qırılmaz tellərlə bir-birinə bağlıdır. Bu cür münasibətlər bütün türk ölkələri arasında olmalıdır. Türk dünyası birlikdə hərəkət edərək bütün problemlərin öhdəsindən gələ bilər.
Diqqətə çatdırılıb ki, ermənilər öz havadarlarının köməyi ilə uydurma “soyqırımı”ndan Türkiyəyə və Azərbaycana qarşı silah kimi istifadə etməyə çalışırlar. Onların bu cəhdlərinə qarşı birlikdə mübarizə aparılmalıdır.
Konfransda digər çıxış edənlər ermənilərin tarix boyu Azərbaycana qarşı işğalçılıq siyasətindən danışıblar. Vuğulanıb ki, İbrahim Öztekin yazdığı kitab türk dünyasının Dağlıq Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı barədə məlumatlandırılması baxımından önəmli bir əsərdir.
Konfransda Azərbaycan və Türkiyə dostluğunun inkişafında göstərdikləri xidmətlərə görə bir qrup Azərbaycan ziyalısı Anadolu Aydınlar Ocağının mükafatlarına layiq görülüb. Eyni zamanda, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fəallığa və Çanaqqala zəfərinin 100 illiyi münasibətilə türkiyəli nümayəndələrə diplomlar verilib.
Tədbirin sonunda Azərbaycan və Türkiyə QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı qəbul edib.