Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.
Dövlətimizin başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın “Alstom” şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə “Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. Artıq iki qatar paytaxta gətirilib.
Alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Dövlətimizin başçısına məlumat verildi ki, qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də burada Diaqnostika Kompleksinin yaradılmasıdır. Belə ki, xaricdə istehsal olunan ən müasir serverlər və fasiləsiz cərəyan təminatı, lazer optik sistemləri, cərəyan çeviriciləri, işçi kompyuter avadanlığı, GPS - koordinasiya qurğusu və digər müasir sistem və qurğularla təchiz olunmuş Diaqnostika Kompleksi qatarların hərəkətinin tam təhlükəsizliyini, səlistliyini və sərnişindaşımanın rahatlığını təmin edəcək. Kompleksin əsas vəzifəsi qatarların avtomatik sürət tənzimlənməsi sisteminin kod və siqnallarını nəzarətdə saxlamaqdır. Bundan başqa, Diaqnostika Kompleksinin verdiyi imkanlardan bəhrələnərək rels dövrələrində cərəyan asimmetriyasının təyin edilməsi, tunellərdə qızmaya məruz qalma ehtimalı olan bütün avadanlıq və texniki qurğulara teplovizion nəzarətin aparılması mümkündür. Kompleks, həmçinin qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.
Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi. Bu texniki göstəricilərdən göründüyü kimi, müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.
Qeyd edək ki, son vaxtlar Bakı Metropolitenində aparılan abadlıq işləri nəticəsində depo ərazisindəki park yenidən qurulub. Burada depo işçiləri üçün yeməkxana və ehtiyat avadanlıq saxlanan böyük anbar kompleksi tikilib.