Prezident İlham Əliyev İslam Həmrəyliyi İdman Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı Krallığının gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin prezidenti Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğulayıb və əldə olunan nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına da tam hazır olduğunu məmnunluqla qeyd edib.

Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını ifadə edib. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatında olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini qeyd edib. Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlətimizin başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayıb. Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını deyib.

2015-04-09 / 00:00
Facebook