“Ralph Lauren” geyim şirkəti ilə İngiltərə-Azərbaycan Cəmiyyəti Londonda birgə xeyriyyə tədbiri keçiriblər.
İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord German Cəmiyyətin ölkələrimiz arasında yaratdığı dostluq münasibətlərindən bəhs edib. Tədbirin əhəmiyyətini vurğulayan həmsədr qonaqlara xoş gecə keçirməyi arzu edib.
Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri Bakıdakı işlərinin çoxluğundan bu tədbirə qatıla bilməmişdi. Professor Nərgiz Paşayeva adından çıxış edən nümayəndə həmsədri təmsil etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb. Lord Germana Cəmiyyətin fəaliyyətindəki uğurlarına görə dərin minnətdarlığını ifadə edib. Cəmiyyətin hər iki ölkə arasında bir çox sahələrdə, xüsusilə də təhsil və mədəniyyət sahələrindəki münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. Tədbirin əhəmiyyətini vurğulayaraq “Ralph Lauren” şirkətinin Cəmiyyətlə birgə əlil uşaqlar üçün xeyriyyə tədbirinin təşkil etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dünyaya açıq və həmişə maraq doğuran bir ölkə olub. İngiltərə-Azərbaycan Cəmiyyəti artıq yetkin və güclü əlaqələri olan Britaniya və Azərbaycanın gələcək münasibətlərinin inkişaf etdirilməsində iştirak edən fiziki şəxslər, şirkətlər və təşkilatların işinin asanlaşdırılmasına rəhbərlik edir.
Tədbir çərçivəsində azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın ifasında konsert proqramı təşkil edilib.
Daha sonra “Ralph Lauren” şirkəti moda nümayişi keçirilib. Qonaqlar firmanın mallarını 10 faizlik endirimlə satın almaq fürsəti əldə ediblər. Satışlardan əldə edilən gəlirin 15 faizi xeyriyyə məqsədilə Əlil Uşaqlar Evinə bağışlanacaq.
Əlil Uşaqlar Evi fiziki və əqli çatışmazlığı olan uşaqlar üçün təşkil edilmiş internat məktəbidir. Məktəbdə fiziki və əqli cəhətdən əlil olan uşaqlar yaşayır və onlara xüsusi diqqət və qayğı göstərilir. Əldə edilən xeyriyyə vəsaiti məktəbdə uşaqları lazımi qidalanma, geyim, müvafiq tibbi və reabilitasiya xidmətləri ilə təmin etmək məqsədilə istifadə ediləcək. Bundan başqa, bəzi otaqların təmir edilməsi nəzərdə tutulub. Hazırda 200 nəfərlik məktəbdə 138 fiziki və əqli çatışmazlığı olan uşaq yaşayır.