Minsk Qrupu həmsədrləri Vyanada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

ATƏT-in Minsk Qrupunun (MQ) həmsədrləri Ceyms Uorlık (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Vyanada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Bu barədə MQ-nin Amerikadan olan həmsədri C.Uorlik Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, ATƏT-in MQ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı aparılan danışıqlar prosesinin gedişi və həmsədrlərin bu məsələnin həlli ilə əlaqədar göstərdikləri səylər barədə məlumat verəcək.

Danışıqların konkret olaraq kiminlə aparılacağı barədə isə həmsədr məlumat açıqlamayıb.

"Biz münaqişənin həllini prioritet etməliyik" - deyə C.Uorlik qeyd edib.

Xatırladaq ki, münaqişə 1988-ci ildə Cənubi Qafqazın iki ölkəsi arasında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Azərbaycan ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və 7 rayon hazırda Ermənistan hərbi birləşmələrinin işğalı altındadır. 1994-cü ilin mayında tərəflər atəşkəs rejiminin elan olunması barədə razılığa gəliblər. O vaxtdan bu günə kimi ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə hələlik bir nəticə verməyən danışıqlar aparılır.

BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağın və 7 rayonun azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnamə var. Bu qətnamələrə hələ də riayət olunmur.

2015-03-31 / 00:00
Facebook