İlham Əliyev bəzi ölkələrin Azərbaycandakı yeni səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Seyşel Adaları Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dik Esparonun etimadnaməsini qəbul edib.

Səfir Dik Esparon fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Dik Esparon etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Seyşel Adaları Respublikasının Prezidenti Ceyms Aleks Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı verdiyi dəstəyi də Prezident İlham Əliyevin diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizama salınması ilə bağlı ədalətli mövqeyinə görə Seyşel Adaları Respublikasının Prezidentinə təşəkkürünü ifadə etdi. Beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin 20 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Ceyms Aleks Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Seyşel Adaları Respublikası dövlətinin başçına çatdırmağı xahiş etdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrlandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brendan Uardın etimadnaməsini qəbul edib.

Səfir Brendan Uard fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Brendan Uard etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Görüşdə Azərbaycan ilə İrlandiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirildi, ticarət, sərmayə qoyuluşu, birgə layihələrin həyata keçirilməsi, digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi və bu istiqamətlərdə işlərin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi ilə bağlı məsələlər ətrafında söhbət zamanı səfir bu Oyunlara ölkəsinin idmançılarının hazırlıqları barədə Prezident İlham Əliyevə məlumat verdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ekvador Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Humberto Vinueza Rodriqezin etimadnaməsini qəbul edib.

Səfir Humberto Vinueza Rodriqez fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Humberto Vinueza Rodriqez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı bunun üçün kifayət qədər potensialın olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin möhkəmləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. İqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunan dövlətimizin başçısı bu istiqamətdə əlaqələrimizin genişləndirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından rolunu qeyd etdi. Azərbaycanın xarici siyasətində Latın Amerikası ölkələri ilə əməkdaşlığın prioritet istiqamətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Humberto Vinueza Rodriqez Ekvador Prezidenti Rafael Korreanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında neft-qaz, sərmayə qoyuluşu, mədəni əlaqələr, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Rafael Korreanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ekvador dövlətinin başçına çatdırmağı xahiş etdi.

Martın 28-dəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xorke Abarka del Karpionun etimadnaməsini qəbul edib.

Səfir Xorke Abarka del Karpio fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xorke Abarka del Karpio etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Xorke Abarka del Karpio paytaxtımızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. O, Latın Amerikası ölkələrində Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərildiyini vurğuladı.

Görüşdə Azərbaycan ilə Peru arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən sərmayə qoyuluşu, biznes, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Uruqvay Şərq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Anibal Kabral Seqalerbanın etimadnaməsini qəbul edib.

Səfir Anibal Kabral Seqalerba fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Anibal Kabral Seqalerba etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu, müştərək layihələrin icrası və digər sahələrdə inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli görüşlər zamanı əməkdaşlığımızın siyasi, iqtisadi və digər sahələrdə genişləndirilməsi ilə bağlı müzakirə olunan məsələlərin önəmini qeyd etdi.

Səfir Anibal Kabral Seqalerba Uruqvay Şərq Respublikasının Prezidenti Tabare Vaskesin salamlarını dövlətimizin başçısına çatdırdı. İkitərəfli əlaqələrin inkişafına toxunan səfir parlamentlərarası əməkdaşlığın yaxşı səviyyədə olduğunu vurğuladı. Ölkəsinin Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu deyən diplomat Azərbaycan Respublikası ilə Uruqvay Şərq Respublikası arasında əməkdaşlığın davamlı şəkildə inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, ticarət, mədəni əlaqələr və digər sahələrdə genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Tabare Vaskesin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Uruqvay Şərq Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də həmçinin Slovakiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Peter Priputenin etimadnaməsini qəbul edib.

Səfir Peter Priputen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Peter Priputen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Slovakiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli formatda inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı marağın mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev birgə fəaliyyət sahələrinin araşdırılmasının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı Avropa İttifaqı çərçivəsində əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafı baxımından da mühüm əhəmiyyət daşıdığını dedi.

Səfir Peter Priputen ölkəmizə səfərindən ötən dövr ərzində böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Diplomat Azərbaycanın Slovakiya üçün dost ölkə olduğunu və dövlətlərimiz arasında hər hansı siyasi problemin olmadığını vurğuladı. O, ölkəsinin Azərbaycan ilə əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, turizm, idman, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı söhbət zamanı slovakiyalı diplomat ölkəsinin bu Oyunlarda 250 idmançı ilə təmsil olunacağı barədə dövlətimizin başçısına məlumat verdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Həbəşistan Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ayalev Qobezie Vorknehin etimadnaməsini qəbul edib.

Səfir Ayalev Qobezie Vorkneh fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ayalev Qobezie Vorkneh etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Həbəşistan Federativ Demokratik Respublikası arasında ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Səfir Ayalev Qobezie Vorkneh Həbəşistan Federativ Demokratik Respublikasının Prezidenti Mulati Teşomenin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə son illər dinamik şəkildə inkişaf edən ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, biznes, mədəniyyət və digər sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Mulati Teşomenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Həbəşistan Federativ Demokratik Respublikası dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Branko Miliçin etimadnaməsini qəbul edib.

Səfir Branko Miliç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Branko Miliç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Branko Miliç Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin xüsusilə son bir neçə ildə sürətlə inkişaf edərək yaxşı nəticələr əldə olunduğunu vurğuladı. Dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Prezident Filip Vuyanoviçin, Baş nazir Milo Dukanoviçin və parlamentin sədri Ranko Krivokapiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Monteneqro dövlətinin başçısına, Baş nazirinə və parlamentin sədrinə çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmiçinin Venesuela Bolivar Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amenothep Zambrano Kontrerasın etimadnaməsini qəbul edib.

Səfir Amenothep Zambrano Kontreras fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Amenothep Zambrano Kontreras etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. İqtisadi sahədə əməkdaşlığa toxunan Prezident İlham Əliyev bu sahədə əlaqələrin inkişaf etdirilməsi üçün investisiya və birgə fəaliyyətlə bağlı müxtəlif layihələrin önəmini vurğulayaraq bu istiqamətdə səfirin uğurlu iş aparacağına ümidvar olduğunu dedi.

Səfir Amenothep Zambrano Kontreras Venesuela Prezidenti Nikolas Maduronun beynəlxalq təşkilatlarda Azərbaycanın ölkəsinə verdiyi dəstəklə bağlı minnətdarlığını Prezident İlham Əliyevə çatdırdı. Səfir paytaxtımızda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda, mədəniyyət və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın önəmini vurğuladı.

2015-03-29 / 00:00
Facebook