Prezident İlham Əliyev və xanımı Papa Fransisk ilə görüşüblər

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər.

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikanda rəsmi qarşılanma mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin görüşündə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Münasibətlərimizin yaxşı perspektivlərinin olduğu vurğulandı. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirildi. Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırıldı. Ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirildi.

Söhbət zamanı son illərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı hədiyyələr təqdim edildi.

2015-03-07 / 00:00
Facebook