Mehriban Əliyeva: İlk Avropa Oyunları ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək

Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar qatılıblar.

Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva İtaliyanın Müasir İncəsənət üzrə Milli Qalereyasına gəldilər.

Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılandı. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş olunurdu. Sərginin özünəməxsus cəhəti buradakı əsərlərin hər birinin müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə tamaşaçılara dolğun çatdırmasından ibarət idi.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunmuş bukletləri təqdim edildi. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlər maraqla qarşılandı.

Tədbirin aparıcısı “Bakı-2015” ilk Avropa Oyunları haqqında ətraflı məlumat verdi. Bildirdi ki, bu Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə, yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış etdi: “Qədim və gözəl Roma şəhərinə yenidən qayıtmaq və bu axşam sizinlə birlikdə olmaq mənim üçün çox xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və Azərbaycana göstərdiyiniz xoş münasibət, diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm”.

Mehriban Əliyeva deyib ki, Roma şəhərində ilk Avropa Oyunlarının təqdimat mərasiminin keçirilməsi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır: “Çünki məhz bu şəhərdə 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında bu Oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Mən çox şadam ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı-2015” Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bizimlədir. Mən demək istəyirəm ki, Oyunlara hazırlıq zamanı biz hər zaman sizin dəstəyinizi, köməyinizi hiss etmişik. Mən sizə və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürümü bildirirəm”.

Birinci xanım qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub və onu uğurla inkişaf etdirir: “Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən siyasi, iqtisadi, humanitar sahələri. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyalar fəaliyyət göstərir. İtaliya bu gün Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. İtaliyanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o cümlədən İtaliyaya nəql ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfə olacaq, eyni zamanda, İtaliya-Azərbaycan əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.

Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir və Romanın məşhur "Villa Borghese" parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib”.

Mehriban Əliyeva vurğulayıb ki, Azərbaycanın qədim tarixini və mədəniyyətini İtaliyada tanıdan tədbirlər, Azərbaycanın mədəniyyət günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də keçirilir: “Heydər Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir aparılır. Azərbaycan dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Əminəm ki, idman sahəsində də əməkdaşlıq çox möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha da gücləndirməyə yeni imkanlar yaradacaq”.

Birinci xanım çıxışında bildirib ki, baxmayaraq ki Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta qədər Avropa Oyunları keçirilməyib: “Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə, ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul edərkən Avropa Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək, idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə ölkəmizdə 50-dən çox müasir Olimpiya mərkəzləri inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır. Son Yay Olimpiya Oyunlarında Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri, ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu yeri tutmuşdur”.

Mehriban Əliyevanın sözlərinə görə, Azərbaycan yaxşı anlayır ki, ilk Oyunlar, onların təşkilatı gələcək Oyunların standartlarını, səviyyəsini təmin edəcək: “Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları ilə, Avropa Olimpiya Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək möhtəşəm idman bayramına çevriləcək.

Sonda bir daha sizin təkrarolunmaz şəhərinizdə olmağımdan məmnunluğumu bildirmək, qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Fürsətdən istifadə edərək sizi bu il ilk Avropa Oyunlarını seyr etmək üçün ölkəmizə - Azərbaycana dəvət edirəm”.

Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri, paytaxtımızda yarışlarla bağlı həyata keçirilən mühüm layihələr öz əksini tapıb.

Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışdı.

Bakıya səfərini xatırladan S.Ciannini bu tədbirin Romada keçirilməsini yüksək səviyyəli Azərbaycan-İtaliya əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Diqqətə çatdırdı ki, ilk Avropa Oyunlarının uğurla keçirilməsinə İtaliya da öz töhfəsini verəcək. Nazir bu mötəbər idman tədbirinə hazırlığın sürətlə aparılmasını yüksək qiymətləndirdi.

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunmuş növbəti tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yarışlara böyük diqqətlə yanaşması və ciddi hazırlaşması təqdirəlayiqdir. Bu amil ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir.

“İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya komitələrinə və bütünlükdə Avropa gənclərinə faydalı olacaq”, – deyən P.Hikki vurğuladı ki, Azərbaycanın tezliklə ev sahibliyi edəcəyi bu mötəbər idman tədbiri bütün dünya gənclərini ruhlandıracaq.

İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo “Bakı-2015” ilk Avropa Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaratması baxımından önəmini qeyd etdi. O diqqətə çatdırdı ki, belə yarışların təşkili Avropa qitəsində idmanın tərəqqisi üçün yeni perspektivlər açır.

İMOK-un prezidenti dedi ki, Azərbaycan bu cür möhtəşəm bir tədbirə ev sahibliyi etmək öhdəliyini uğurla yerinə yetirir. “Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi bacaracaq. Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir. “Bakı-2015” ilk Avropa Oyunları önəmli bir idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq”, – deyə C.Malaqo bildirdi.

Roma şəhərinin meri İqnatsio Marino ölkələrimiz arasında mədəniyyət, idman və digər sahələrdə əlaqələrin inkişafından danışdı. O dedi ki, müvafiq istiqamətlərdə imzalanmış sənədlər əməkdaşlığımızın genişlənməsinə töhfə verməkdədir. Mer ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə etdi.

Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim etdi.

Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.

2015-03-05 / 00:00
Facebook