Prezident İlham Əliyev: Bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək

Martın 4-də Sofiyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovun mətbuat konfransı olub.

Baş nazir Boyko Borisov Prezident İlham Əliyevi bir daha salamladı və sözü dövlətimizin başçısına verdi.

Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söylədi.
Prezident İlham Əliyev qeyd etdi ki, Bolqarıstan ilə Azərbaycan arasında siyasi əlaqələr güclüdür və bu əlaqələrin gözəl perspektivləri var. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur. Bolqar şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür.

Dövlətimizin başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunaraq bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan Prezident İlham Əliyev bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışdı.
Bildirdi ki, TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğuladı.

Bolqarıstanı Azərbaycanın yaxın dostu kimi dəyərləndirən Prezident İlham Əliyev bir daha milli bayram münasibətilə təbriklərini çatdırdı.
Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu və dedi ki, belə səfərlər nəzərdə tutulan layihələrin uğurlu icrasına güclü təkan verir. Baş nazir qeyd etdi ki, Bolqarıstanda siyasi hakimiyyəti kimin təmsil etməsindən asılı olmayaraq hər zaman Azərbaycan və “Cənub” qaz dəhlizi dəstəklənəcək. Çünki bu layihə Bolqarıstanın qaz-nəqliyyat sisteminin inkişafına güclü təkan verəcək.
Bolqarıstanın Baş naziri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmindən danışdı. O, ölkələrimiz arasında inşaat, əczaçılıq, səhiyyə, kənd təsərrüfatı, idman və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğuladı.

Sonra Prezident İlham Əliyev və Baş nazir Boyko Borisov jurnalistlərin suallarını cavablandırdılar.

Daha sonra Baş nazir Boyko Borisovun adından nahar verildi.

2015-03-05 / 00:00
Facebook