Mingəçevirdə Sənaye və Yüksək Texnologiyalar parkları yaradılır

Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılır.

Müəyyən edilir ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) tərəfindən həyata keçirilir.

Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə Mingəçevir Sənaye Parkının ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək, Cəmiyyətə Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etmək, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə Mingəçevir Sənaye Parkının fəaliyyəti üçün “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin 14,8 hektar torpaq sahəsinin icarə hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “Mingəçevir-Toxucu” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görmək, eləcə dəbu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı Mingəçevir Sənaye Parkının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.

Sənədə əsasən, Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkilini, onun ərazisində mövcud olan bina və qurğuların sökülməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılır.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həmin məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb, Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev həmçinin Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında fərman imzalayıb.

Sənəddə deyilir ki, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılır.

Müəyyən edilir ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

Mingəçevir Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.

Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Cəmiyyət həyata keçirir.

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə Mingəçevir Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı Cəmiyyətə kömək göstərməsi tapşırılıb.

Nazirlər Kabineti isə bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

2015-02-27 / 00:00
Facebook