Leyla Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı barədə nəşr və videomateriallardan ibarət yeni toplu hazırlanıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yeni toplu nəşr olunub.

Fonddan bildiriblər ki, Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar hazırlanan “Xocalıya ədalət” adlı bu topluda dünya ictimaiyyətinə 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə baş verən cinayət barədə həqiqətlər çatdırılır.

Topluya Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası ilə bağlı video müraciətindən, Ermənistan silahlı qüvvələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının dinc əhalini qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımı törətməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, “Xocalıya ədalət” kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləşkart daxildir. Həmçinin topluda Xocalı soyqırımı ilə bağlı tərtib edilmiş elektron təqdimat (prezentasiya) da var. Hazır formada olan bu təqdimatdan müxtəlif maarifləndirmə tədbirləri zamanı, xüsusən də xarici auditoriya üçün geniş istifadə edilməsi nəzərdə tutulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın video müraciətində 20-ci əsrdə dünyada baş vermiş və dünya ictimaiyyətinin qarşısını almaqda çətinlik çəkdiyi faciəvi hadisələrdən biri kimi Xocalı soyqırımına diqqət yönəldilir və Ermənistanın Azərbaycana qarşı təcavüzü çərçivəsində törədilmiş bu hadisənin təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə məlumat verilir. Müraciətdə törədilmiş əməllərə görə ədalətin təmin edilməsinin vacibliyi vurğulanır və son illər Xocalı soyqırımının tanınması istiqamətində dünya ictimaiyyətinin səylərinin artmasının, o cümlədən bir çox dövlətlərin qanunverici orqanlarında soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin bu baxımdan əhəmiyyəti qeyd olunur.

“1990-cı illərin əvvəlində Azərbaycan qonşu Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində bu gün də torpaqlarımızın 20%-i işğal altındadır. Müharibəyə gətirib çıxaran bu təcavüz 30 min insanın ölümünə, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün, minlərlə insanın isə itkin düşməsinə səbəb olub. Ermənistanın təcavüzü nəticəsində bir sıra cinayətlər törədilib, Xocalı şəhəri isə ən amansız və dəhşət dolu cinayətlərin qurbanı olub”, - deyə Leyla Əliyeva dünya ictimaiyyətinə video müraciətində bildirib.

“Xocalı soyqırımı həm də öz həyatı naminə olsa belə qonşusunu, yaxınını, dostunu qırğınlardan müdafiə edən insanların mərdliyinin nümunəsidir. Hazırda biz bütün əzmimizi, dəyanətimizi cinayətkarların məsuliyyətə cəlb olunmasına, belə kütləvi vəhşilik və soyqırımının bir daha təkrarlanmaması istiqamətində səfərbər etməliyik. 20 ildən artıq müddət keçməsinə baxmayaraq, Xocalıda törədilən soyqırımına görə heç kəsin məsuliyyətə cəlb edilməməsi doğru hal deyildir. Baş verənlərə görə cəzasızlıq regionda sülhün əldə edilməsinə və ədalətin bərpa olunmasına əsas maneədir.

Müsbət haldır ki, Xocalıda ermənilərin törətdiyi soyqırımının beynəlxalq səviyyədə tanınması uğrunda başladığımız kampaniya son illər bir sıra dövlətlər tərəfindən dəstəklənib. Eləcə də bir sıra ölkələrin qanunverici orqanları Xocalı soyqırımını tanıyıb. Bu dəstək bizi ədalət uğrunda mübarizəni davam etdirməyə sövq edir. Və bu, bizdə ədalətin bərpa olunacağına, günahkarların məsuliyyətə cəlb ediləcəyinə ümid yaradır. Kampaniyaya göstərilən dəstəyə görə təşəkkür edirik və inanırıq ki, bu faciə barədə daha çox insan eşidəcək və bu ədalət kampaniyasına qoşulacaq.

Hər bir kəsi bu faciə barədə məlumatları öz ölkəsində yaymaq üçün bizim kampaniyaya qoşulmağa çağırıram. Hesab edirəm ki, sizin dəstəyinizlə Xocalıda ədalət bərpa olunacaq”, - deyə Leyla Əliyeva bildirib.

Topluya daxil olan sənədli filmdə isə izləyicilərə Xocalı soyqırımının dünyada tanınmış digər soyqırımlar ilə oxşarlığı göstərilir, soyqırımının törədilməsi, miqyası, nəticələri barədə məlumatlar və xəritələr təqdim olunur.

“Xocalıya ədalət” adlı kitabda və bukletdə faciəyə dair fotolar, hadisənin törədildiyi gecə yaşanan qanlı cinayətlərə dair faktlar təqdim edilir. Kitabda, həmçinin Xocalıda törədilmiş əməllərin hüquqi qiymətləndirilməsi, Ermənistanın və onun rəsmilərinin məsuliyyətinin beynəlxalq hüquqi əsasları izah olunur. Bundan əlavə kitabda Xocalı soyqırımını işıqlandıran beynəlxalq mətbuat vasitələri, bu cinayəti soyqırımı kimi tanıyan ölkələr, həmçinin “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər təqdim olunur.

Nəsr olunan topluda “Xocalıya ədalət” kampaniyasının yeni loqosu da təqdim edilir. Kampaniyanın loqosu Xocalıda yarımçıq qalmış taleləri simvolizə edən, fevral ayında çiçək açan badam ağacının qopmuş çiçəyini özündə əks etdirir. Qeyd edək ki, badam çiçəkləməyə başlayan ilk ağacdır. Badam ağacı qış fəslinin sonunda çiçək açır və bu səbəbdən çoxları ona yazın müjdəçisi kimi baxır. Loqodakı badam çiçəyi Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskəni olan Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir. Qopmuş ləçək həm də Azərbaycanın 20% ərazisinin işğal edildiyini göstərir.

İngilis və rus dillərində hazırlanan “Xocalıya ədalət” toplusu gələcəkdə digər dillərdə də təqdim olunacaq. Bu toplu Xocalı faciəsini dünyada tanıtmaq istəyənlər üçün həm də bir əyani vəsait rolu oynayacaq.

Xatırladaq ki, “Xocalıya ədalət” kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

2015-02-27 / 00:00
Facebook