“Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən prezidentlərin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunsa da, Ermənistan üzərinə düşən vəzifəni yerinə yetirmir”
“2014-cü ilin noyabrında Fransa prezidenti Fransua Ollandın iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə əsir və girovların axtarışları ilə bağlı razılıq əldə olunub. Bu, Beynəxalq Qızıl Xaç Komitəsi və hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlıq mexanizminin qurulması ilə bağlıdır. Azərbaycan tərəfi razılaşmaya uyğun olaraq üzərinə düşən vəzifələrin icrası ilə bağlı müvafiq tədbirlər görsə də, Ermənistan sözdə əməkdaşlıq etməkdə maraqlı olduğunu göstərir, reallıqda isə bu prosesi əngəlləməyə çalışır”.
Bunu bu gün Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr edilmiş “Cəhənnəmdə böyük çığırtı” adlı kitabın təqdimat mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev söyləyib.
Onun sözlərinə görə, “Cəhənnəmdə böyük çığırtı” kitabı Dağlıq Qarabağ münaqişəsi, münaqişə zamanı ermənilərin törətdiyi qəddarlığın dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətlidir: “Kitabın Xocalı soyqırımı ərəfəsində işıq üzü görməsi də əlamətdar haldır. Münaqişə zamanı əsir və girov azərbaycanlıların sayı 4 mindən artıqdır. Həmin şəxslərdən 550 nəfərin qətlə yetirildiyi, işgəncələrdən öldüyü barədə məlumat var. Ümumilikdə 1400 nəfər şəxs əsir və girovluqdan azad edilib. Bu insanların taleyi, əsir və girovların üzləşdikləri işgəncələr “Cəhənnəmdə böyük çığırtı” kitabında o şəxslərin öz dilindən təqdim olunur. O insanların yaşadıqları faciəni oxuyanda görürsən ki, onlara verilən işgəncələr İkinci Dünya Müharibəsində faşist düşərgələrində verilən işgəncələrə bənzəyir. Çox təəssüf ki, bu işgəncələri verən insanlar nəinki məsuliyyətə cəlb olunmayıb, hətta Ermənistan rəhbərliyində təmsil olunurlar. Biz Dağlıq Qarabağ münaqişəsi ilə analoq təşkil edən münaqişələr zamanı necə münasibət bəsləndiyini görürük. Keçmiş Yuqoslaviya, o cümlədən hazırda Ukrayna hadisələri buna misaldır. Təəssüf ki, BMT-nin məlum 4 qətnaməsi, Avropa strukturlarının qərar və qətnamələrinə, İslam Əməkdaşlıq Təşkilatının qərarlarına baxmayaraq, ikili standartlar hökm sürür".
V.Əliyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi kimi münaqişələr katalizator rolunu oynayır, bu münaqişələr həll olunmadıqca kütləvi qətllər davam edəcək: "Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan diplomatiyasının apardığı iş sayəsində müəyyən nailiyyətlər əldə olunub. Bunlardan ən əsası odur ki, bu gün dünya ictimaiyyəti Ermənistanı təcavüzkar dövlət kimi tanıyır. Erməni lobbisi əvvəlki dövrlərdə olduğu kimi, informasiya vakuumu yaradıb həqiqətləri gizlədə bilmir. Ermənistan münaqişənin həlli istiqamətində əldə olunmuş razılıqları bloklamağa çalışır”.
Prezident Administrasiyasının rəsmisi “Cəhənnəmdə böyük çığırtı” kitabını Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm bir addım kimi qiymətləndirib: “Bu kitab xarici dillərə tərcümə olunmalı, yayılmalıdır.