Baltikyanı ölkələrdə ən populyar “Delfi” informasiya portalında Azərbaycan Respublikasının birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva haqqında məqalə dərc edilib. Çoxsaylı fotomateriallarla illüstrasiya edilmiş məqalədə Mehriban xanımın həyat yolundan bəhs edilir.
Bu yazı “Delfi” informasiya xəbər portalı ilə Azərbaycanın Tallindəki səfirliyinin əməkdaşlığı sayəsində, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının bu il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının populyarlaşdırılmasına yönəlmiş layihəsinin həyata keçirilməsi çərçivəsində çap edilmiş silsilə məqalələrdən biridir.
Ümumiyyətlə, qarşıdakı Avropa Oyunları və Azərbaycan haqqında müxtəlif mövzularda 20-dən çox məqalə dərc edilməsi planlaşdırılır. Hələlik yalnız eston dilində çap olunan bu məqalələrin sonradan “Delfi” səhifələrində rus dilində də nəşri nəzərdə tutulur.
Estoniyalı oxucular Avropa Oyunlarının keçirilməsi ideyasının tarixi, Oyunlara hazırlığın gedişi və təşkilati işin yüksək səviyyədə olması barədə məlumat alıblar. Estoniya ictimaiyyəti Azərbaycan haqqında – onun keçmişi və bu günü, zəngin mədəniyyəti, adət və ənənələri, o cümlədən keçən əsrin əvvəlində Estoniya ilə Azərbaycan arasında münasibətlərin tarixi barədə maraqlı faktlarla tanış olub.
Müasir Azərbaycan, onun sürətli iqtisadi inkişaf fenomeni barədə məlumatlar oxucuların xüsusi marağına səbəb olub.
Qeyd etmək lazımdır ki, bu məqalələr Estoniya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır, məqalələrə və onlarla bağlı şərhlərə baxışların sayı isə belə deməyə əsas verir ki, Azərbaycan haqqında rubrika “Delfi” portalının ən populyar rubrikalarından biridir.