“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə” kitabı rus və türk dillərində nəşr edilib

Kitab Sankt-Peterburq və İstanbulda işıq üzü görüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Justice for Khojaly!” (Xocalıya ədalət!) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə”) adlı kitab rus və türk dillərində Sankt-Peterburq və İstanbulda nəşr edilib.

AAC-dan verilən məlumata görə, ilk dəfə ingilis dilində nəşr olunan bu toplu ötən il Londonun “İTHACA Press” nəşriyyatında işıq üzü görüb.

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət !” kampaniyasının təşəbbüskarı Leyla Əliyeva kitaba ön söz yazıb. Ön sözdə deyilir: “...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndində dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayədələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış, qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər etmişdir.

“Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı Xocalı soyqrımı haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.

Bu kitabın nəşri “Xocalıya ədalət” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olmuşdur. Bunu nəzərə alaraq, kitabın bir sıra dillərə, o cümlədən rus dilinə tərcümə edilməsi məqsədəuyğun hesab edilmişdir. Ümid edirik ki, bu kitabla tanış olan hər bir oxucu “Xocalıya ədalət !” kampaniyasına öz dəstəyini əsirgəməyəcəkdir.

Xocalı soyqırımına dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan “Khojaly Witness of a war crime. Armenia in the dock” kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür”. 

2015-02-17 / 00:00
Facebook