Devid Merkel: Obama Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür

ABŞ Prezidenti Barak Obama ölkənin tərəfdaşları və müttəfiqlərinə, o cümlədən Azərbaycana münasibətdə məntiqsiz siyasət yürüdür. Bunu Con Hopkins Universiteti yanında Transatlantik Münasibətlər Mərkəzinin baş elmi əməkdaşı, ABŞ Dövlət Departamenti və Milli Təhlükəsizlik Şurasının keçmiş yüksəkrütbəli məmuru Devid Merkel deyib.

Onun sözlərinə görə, B.Obama Ukraynanın ərazi bütövlüyünə riayət edilməsinin vacibliyi barədə doğru danışanda, lakin eyni sözləri Azərbaycana ünvanlamayında bir çoxlarının bunu niyə ikili standartlar hesab etdii aydın olur: "Bizim ərazi bütövlüyü ilə bağlı gələcək siyasətimiz olduqca aydın olmalıdır".

D.Merkel qeyd edib ki, B.Obama administrasiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənmiş heç bir addım atmır: "Bu da ABŞ-ın bu məsələnin qaçqın və məcburi köçkünlər, regionun sabitliyi və inkişafı üçün nə qədər vacib olması ilə bağlı anlayışının olmamasını bariz şəkildə nümayiş etdirir. Bütün bunlar Rusiyaya qarşı düşünülməmiş və iflasa uğramış "həddən artıq yüklənmə" ilə birlikdə açıq-aydın göstərir ki, ABŞ-da Avrasiyaya münasibətdə siyasətin hazırlanması üzərində nə qədər az işləmişik".

O, əlavə edib ki, bu istiqamətdə fəaliyyətlərin qeyri-kafiliyi yalnız Rusiyanın təsirinin genişlənməsinə və regionda qeyri-sabitliyin artmasına yardım edəcək: "Barak Obama heç vaxt opponentlərin maraqlarını, fikirlərini və dəyərlərini başa düşməyə cəhd etməyib. Sələflərindən fərqli olaraq, o, digər ölkələrin liderləri ilə şəxsi münasibətlər qurmayıb, dünya dövlətlərinin tarixini, ənənələrini, dəyərlərini və maraqlarını az öyrənib".

Diplomat vurğulayıb ki, cəmiyyət B.Obamanı xarici siyasət məsələlərində Cimmi Karterin dövründən bəri ən pis ABŞ prezidenti hesab edir: "Cimmi Karterin dövründə amerikalı diplomatları İranda girov götürmüşdülər, SSRİ isə Əfqanıstana müdaxilə etmişdi. Barak Obama prezidentlik dövrünün son iki ilinə görə belə uğursuz prezident hesab ediləcək. Bu o deməkdir ki, onun əvvəlki kimi bu vəzifəni tutmasına baxmayaraq, Vaşinqtonda heç kəs ondan gündəmin dəqiq müəyyənləşdirilməsini gözləmir".

D.Merkel bildirib ki, bundan başqa, B.Obama administrasiyası heç vaxt vəziyyətə strateji baxışını nümayiş etdirməyib və ABŞ-ın maraqlarını dəqiq bəyan edə bilməyib: "Bunun əvəzinə dünyanı ABŞ-ın fəaliyyəti və ya fəaliyyətsizliyi ilə təəccübləndirib və məyus edib. Obamanın sözünə artıq etimad göstərmirlər. O, Suriyada kimyəvi silah üzrə ABŞ-ın mövqeyini müəyyənləşdirib, lakin heç vaxt ona sadiq qalmayıb. Konqresin dəstəyi olmadan İranla danışıqlarda daim dəyişikliklər olub. Bütün bunlar ABŞ-ın müttəfiqlərinə aydın göstərdi ki, Barak Obama administrasiyasının təminatına güvənmək olmaz".

2015-02-17 / 00:00
Facebook