Pyer Andryö: Həmsədrlər Dağlıq Qarabağ münaqişəsində gərginliyi azaltmaq üçün hər şeyi edirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) Dağlıq Qarabağ münaqişəsində gərginliyi azaltmaq üçün hər şeyi edəcəklər. Bunu fransalı həmsədr P.Andryö bildirib.

O, qeyd edib: "Ümid edirik ki, gələcəkdə Azəraycan və Ermənistan rəhbərləri görüşləri davam etdirəcəklər. Biz çox istəyirik ki, Azərbaycan və Ermənistan prezidentləri ən geci sentyabrda BMT Baş Assambleyasının sammitində görüşsünlər. Yekunda son qərarı prezidentlər verirlər, biz isə vasitəçi rolunu oynamağa çalışırıq".

Diplomat deyib ki, həmsədlər tezliklə aralarında Belarus, Serbiya və İtaliyanın da olduğu Minsk qrupunun digər üzv ölkələrinə də səfər edəcəklər: "Bu yaxınlarda Finlandiya XİN-in dəvəti üzrə Helsinkidə idik. Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mövcud vəziyyətlə bağlı Finlandiya tərəfini məlumatlandırmaq idi. Biz, həmçinin Minskə, Belqrada (Serbiya bu il ATƏT-də sədrlik edir) və İtaliyaya gedəcəyik".

P.Andryö əlavə edib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra müsbət məqamlardan biri tərəflərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında müharibədə itkin düşənlər barədə məlumat mübadiləsini aparmağa razı olmaları oldu: "Regiona cari səfər çərçivəsində Bakı və Yerevanda Qırmızı Xaçın nümayəndələri ilə görüşlər keçirəcəyik. Biz çox istərdik ki, Qırmızı Xaç bunun üzərində mümkün qədər tez işləməyə başlasın. Axı minlərlə ailə onların qohumları və yaxınlarına nə olduğunu bilmək istəyir. Bu, yaxınlaşma və anlayış tədbirlərinə daxil olan həssas mövzudur. Bu, irəliyə kiçik addımdır".

Ukraynadakı münaqişəyə gəlincə, o vurğulayıb ki, bu vəziyyət Minsk qrupunun koordinasiyasına heç cür təsir etmir: "Biz əvvəlki kimi işləyirik".

2015-02-16 / 00:00
Facebook