Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. Bunu bazar ertəsi Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq başa düşürlər ki, böyük sülh sazişinin üzərində işə başlamağın vaxtıdır: "Bunu həmsədr dövlətlərin başçıları da dəstəkləyirlər. Laçında, Kəlbəcərdə erməni əsgər olmamalıdır. Regionda sülhün bərpa edilməsi üzrə ciddi danışıqlara başlamaq lazımdır".
E.Məmmədyarov qeyd edib ki, əsas problem Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasından ibarətdir: "Həmsədrlər Ermənistanı buna çağırmalıdırlar. Ermənistan qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır".
Kəlbəcərdə Ermənistanın girov götürdüyü iki azərbaycanlı haqqında danışan XİN rəhbəri əlavə edib ki, onlar Azərbaycana təhvil verilməlidir: "Azərbaycan bu məsələni bütün beynəlxalq təşkilatlar qarşısında qaldırıb".
Öz növbəsində M.C.Zərif bildirib ki, İran qonşu dövlət kimi bütün regionda sülhə və təhlükəsizliyə böyük təhdid olan münaqişənin həllinə yardım etməyə hazırdır.