Azərbaycan ABŞ-ı Dağlıq Qarabağdakı qondarma rejimə yardımları dayandırmağa çağırır

"Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur. Biz ABŞ-ı ATƏT-in Minsk qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik". Bunu Azərbaycan Milli Məclisində "Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev bildirib ki, ABŞ qondarma “Dağlıq Qarabağ respublikası”na Azərbaycandan üç dəfə çox yardım edib: "Bu yaxınlarda ABŞ-da irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür".

Politoloq Elman Nəsirov isə çıxışında deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır. O bildirib ki, Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında oldu və digər məsələlərdə onu dəstəklədi: “Lakin bu, birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Niyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında layiqli cavab gəlmir? Xüsusilə də Qarabağ məsələsində bizə dəstək göstərmirlər. ABŞ yeganə dövlətdir ki, qondarma "Dağlıq Qarabağ respublikası"na maliyyə dəstəyi göstərir. Ermənistan mətbuatı yazır ki, ABŞ qondarma "Dağlıq Qarabağ respublikası"na 2 milyard maliyyə vəsaiti ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma "Luqansk respublikası" da ABŞ-a müraciət edəcək ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş kimi tanıyır, lakin onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu, ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, Birləşmiş Ştatların Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, baş verəcək hadisələrə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə 907-ci maddə ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Bütün bunların hamısı təəssüf ki, var və reallıqdır. Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın".

Millət vəkili Çingiz Qənizadə isə "niyə Qərb və ABŞ Azərbaycana münasibətdə ikili standart, ikili mövqe irəli sürür" deyə sual edib: “Onların separatçı rejimlərə münasibəti göstərir ki, həqiqət belədir. Yaxın bir ay ərzində ABŞ-da Azərbaycanla bağlı iki dinləmə keçirilib. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür. Bu tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir".

O, qeyd edib ki, bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisinin nümayəndələri və Azərbaycanda radikal müxalifətə meyilli və onlara bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir: "Bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyim məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar? Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər. Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycan milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu ikili standartlarda görürlər".

Millət vəkili Asim Mollazadə isə bildirib ki, bu cür görüşlərin keçirilməsi ölkədə parlamentarizm ənənələrinin artmasının nəticəsidir: “Bu cür görüşlərin keçirilməsi dövlətimizi gücləndirə bilər. ABŞ ilə bağlı dinləmələri müsbət hesab edirəm. Azərbaycan dünyada görünməmiş vəhşiliklə üzləşib. Bu günlərdə Azərbaycan xalqına qarşı törədilən Xocalı faciəsinin növbəti ildönümü olacaq”.

A.Mollazadə vurğulayıb ki, erməni diasporunun fəaliyyəti nəticəsində ABŞ öz təhlükəsizliyinə də zərər vurur: “ABŞ-da Azərbaycana qarşı yönəlmiş siyasətin arxasında erməni lobbisinin fəaliyyəti dayanır. Baxın görün, digər dövlətlərə qarşı, hətta Ermənistanın kriminal rejiminə qarşı bu münasibət var, ya yoxdur?”

Millət vəkili Fəzail Ağamalı çıxışında qeyd edib ki, Azərbaycan bu gün beynəlxalq dəyərlərə, Avropa dəyərlərinə, insan haqlarına, demokratiyaya söykənən prinsiplərə əsaslanaraq öz yolunu davam etdirir: “Biz bu yolu ona görə seçməmişik ki, ABŞ-ın xoşuna gələndir və ya onun siyasətçilərinin hər hansı bir bəyanatında adımız getsin və yaxud da Avropa ölkələri ilə bizim münasibətlərimizdə hansısa müsbət çalarlar daha yüksək şəkildə ifadə edilsin. Biz bu yolu ona görə seçmişik ki, bu yol bəşəriyyətin son illərdə, son dövrlərdə tutmuş olduğu ən düzgün yoldur. Azərbaycan da o yolla gedir və beynəlxalq aləmdə də, qonşularına da, dünya dövlətlərinə də özünün töhfələrini verməkdədir. Ona görə də mən ABŞ-da Azərbaycanla bağlı mənfi fikirlərin tam mənada subyektiv və qeyri-obyektiv, qərəzli olduğu qənaətindəyəm. Biz ABŞ-a çağırış edirik ki, Azərbaycana qarşı münasibətlərində öz maraqları çərçivəsində çıxış etsin və burada erməni maraqlarını kənara qoysun”.

Millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan ABŞ tərəfindən 907-ci düzəlişin tətbiqi ilə sanksiyaya məruz qalıb, halbuki regionda sanksiyaya məruz qalacaq yeganə ölkə Ermənistandır: “Bizim narazı qaldığımız məqamlardan biri odur ki, ABŞ birbaşa separatçılara maliyyə yardım edir. Hətta bizim rəsmi və qeyri-rəsmi şəkildə buna etirazımız olub, ancaq bundan imtina ediblər. Digər bir məsələ isə odur ki, ABŞ BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsvermə zamanı neytral mövqe sərgiləyib. Bu ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi üçün yolverilməzdir və biz istənilən şəkildə bunu açıq şəkildə müzakirə etməliyik. Biz vətəndaş cəmiyyəti institutlarını şəffaflığa dəvət edirik. Bundan ABŞ niyə narazı qalmalıdır? Biz deyirik ki, Milli Demokratiya İnstitutu 1 milyon vəsaiti qanunsuz və nağd şəkildə paylamamalı, gəncləri küçələrə çıxartmamalıdır. Bunu müzakirə etməliyik. ABŞ-Azərbaycan parlamentlərarası dialoqu epizodik şəkildə yox, sistemli şəkildə təşkil edilməlidir".

Daha sonra millət vəkili Zahid Oruc da çıxış edərək bildirib ki, son dövrlərdə ABŞ-ın siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır: “Biri Rusiyadır, ikincisi isə İrandır. Azərbaycanı antirusiya blokuna qoşmağa çalışırlar ki, bu alınmır. Eyni zamanda, Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər ki, bu da baş tutmur. Amma Azərbaycan antiamerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini eynilə götürüb özümüzə tətbiq etməliyik? Hesab edirəm ki, Azərbaycandan çıxmış Amerika fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyildilər”.

Z.Oruc əlavə edib ki, həmin fondlar uzun illər boyu demokratiyanın investisiyası adı altında sadəcə legioner hazırlayıblar: “Azərbaycanın ABŞ-dan, qərb dairələrindən gözləntiləri çox sadədir. Azərbaycan istəyir ki, burada çalışan səfirlər hansısa bir təlim düşərgəsi kimi xüsusi himayə olunan qüvvələri əllərində saxlamasınlar, Azərbaycanla siyasi münasibətlərini yalnız bir ovuc üçüncü sektor təmsilçilərinin üzərindən qurmasınlar, bir radionu Azərbaycan əlehinə təxribat maşınına çevirməsinlər. Azərbaycan ABŞ və Qərb ilə münasibətləri zədələyəcək hər hansı addımlar atmayıb”.

Millət vəkili Sabir Rüstəmxanlı isə qeyd edib ki, ABŞ-ın bölgədəki siyasətində açıq-aşkar ermənipərəst mövqeyi sərgiləməsi bizi narahat edir: “Onlar həmişə bəyan edirlər ki, bizim əsas hədəfimiz terrora qarşı mübarizədir. Amma onlar terrorçu Ermənistanı müdafiə edirlər. Azərbaycan modern İslam ölkəsidir və bu dövlətə qarşı mübarizənin hər zaman şahidi olmuşuq. Beləliklə, İslam aləminə hücum illərdir davam edib. Mən ABŞ nümayəndələri ilə görüşümdə demişəm ki, Birləşmiş Ştatların son illərdə apardığı siyasət onu ölkəmizdə gözdən salır”.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Azərbaycanın müstəqillik əldə etdiyi dövrdən başlayıb və bu günə qədər də davam edir: "Azərbaycan neft, enerji sektoru ilə əlaqədar ABŞ-ın dəstəyini hər zaman hiss edib. Bizi əhatə edən dövlətlərə nəzər salsaq görərik ki, neft və qaz sektorunda onlar bizə rəqib olan dövlətlərdir. Bu baxımdan onların şəxsi maraqları ilə yanaşı, beynəlxalq maraqları da var. Hesab edirəm ki, böyük dövlətlərin dəstəyi və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi olmasaydı, neft müqavilələri imzalana bilməzdi. Çəkilən kəmərlərə nəzər salsaq görərik ki, onların çəkilməsində ABŞ-ın xüsusi strateji dəstəyi olub. Azərbaycanın hərbi sahədə ABŞ-la strateji əməkdaşlığı var. Azərbaycan hər zaman ABŞ-la strateji müttəfiqliyinə sadiq qalıb".

S.Novruzov qeyd edib ki, biz hərdən ABŞ-dakı qeyri-hökumət təşkilatlarının fəaliyyətini Birləşmiş Ştatların adına yazırıq: “ABŞ-ın Azərbaycanla bağlı mövqeyi bəllidir. Ancaq ABŞ Konqresinin fəaliyyəti tam başqadır. ABŞ az ölkələrdəndir ki, lobbiçilik fəaliyyəti qanunla təsbit olunub. Azərbaycan bir tərəfdən ABŞ-la strateji müttəfiqlik edir, hava məkanını onun üzünə açır, antiterror əməliyyatına qoşulur, digər tərəfdən isə 907-ci düzəlişi aradan qaldıra bilmirik. Bu düzəliş ABŞ maraqlarına xidmət etmir. Amma erməni lobbisi imkan vermir ki, bu məsələlər öz həllini tapsın”.

Millət vəkili deyib ki, bu gün Azərbaycanın ABŞ-la strateji tərəfdaş olmamasını arzulayan dövlətlər var və onların Azərbaycandakı siyasi partiyalarda, QHT-lərdə nümayəndələri var: “Bu yaxınlarda ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili ilə görüşüm oldu. Görüşdə qərara gəldik ki, məsələləri bəyanatlarla deyil, müzakirələrlə, dialoqla aydınlaşdırmaq lazımdır. Kimsə Kozlariçdən həftədə bir dəfə müsahibə alıb “Azadlıq” qəzetində dərc edirsə, bu, ABŞ-ın maraqları deyil. Lakin ABŞ-la Azərbaycan arasında münasibətləri qızışdırmaq istəyən dövlətlər bunu fakt kimi ortaya atırlar. Hesab edirəm ki, bu məsələlər bizim strateji müttəfiqliyimizə heç bir xələl gətirə bilməz”.

Tədbirdə çıxış edən digər natiqlər də ABŞ-ı Azərbaycana münasibətdə ikili standartları aradan qaldırmağa, Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe nümayiş etdirməyə, qondarma “Dağlıq Qarabağ respublikası”na yardımları dayandırmağa çağırıblar.

2015-02-14 / 00:00
Facebook