ABŞ-ın nüfuzlu qəzetlərindən biri olan “Vaşinqton Tayms” qəzetinin təşkilatçılığı ilə fevralın 3-də Vaşinqtonda ABŞ Konqresinə məxsus Kapitol Hil Klubunda “Xəzər dənizi hövzəsində geosiyasət: ABŞ-Azərbaycan müttəfiqliyi nə üçün əhəmiyyətlidir?” başlıqlı tədbir keçirilmişdir.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, “Vaşinqton Tayms” qəzetinin redaktoru Con Solomonun moderatorluq etdiyi bu tədbirdə müvafiq ardıcıllıqla Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və millət vəkili Asim Mollazadə məruzə ilə çıxış etmişlər.
Konfransın əvvəlində açılış sözü ilə “Vaşinqton Tayms” qəzetinin idarə heyətinin sədri Lari Bizli çıxış etmiş və Azərbaycan haqqında xoş fikirlər deyərək, ölkənin iqtisadiyyatının inkişaf etdiyi, əhalinin orta təbəqəsinin genişləndiyi və regionda mühüm mövqe qazandığını qeyd etmişdir.
Azərbaycanın yerləşdiyi coğrafi məkanı, üzləşdiyi təhdidləri və eləcə də müstəqillik illərində qazandığı nailiyyətləri qısaca xatırlatmış C.Solomon təsmil etdiyi qəzetin yanvarın 29-da Azərbaycan haqqında hazırlayıb yaydığı xüsusi buraxılışda əksini tapmış vacib məqamlara istinad etmiş və həmin buraxılışın tərtib olunmasında göstərilmiş dəstəyə görə Azərbaycanın ABŞ-dakı Səfirliyinə təşəkkür etmişdir.
Səfir Elin Süleymanov ABŞ-Azərbaycan münasibətləri barədə danışarkən, ötən 20 il ərzində ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmiş və Bakı-Tbilisi-Ceyhan kimi çox mühüm enerji layihəsinin xüsusilə qarşılıqlı əməkdaşlıq və ABŞ-ın ciddi dəstəyi sayəsində mümkün olduğunu vurğulamışdır. Səfir bu layihə nəticəsində bütün regionun coğrafiyasının dəyişdiyini bəyan etmişdir.
O, iki ölkə arasında əməkdaşlığın enerji sektoru ilə məhdudlaşmayaraq, daha geniş sahələri əhatə etdiyini söyləmiş və bu kontekstdə Azərbaycan Hava Yolları və “Boeing” şirkəti arasındakı tərəfdaşlığı və ABŞ istehsalı olan ilk Azərbaycan peykinin orbitə çıxarılmasını misal gətirmişdir.
E.Süleymanov Azərbaycan xalqının çox mürəkkəb bir geosiyası məkanda müasir, dünyəvi və firavan bir dövlət qurmağa çalışdığını və bu dövlətin ABŞ-ın müttəfiqi olduğunu göstərmişdir. Bu kontekstdə, səfir ABŞ-ın regiondakı müttəfiqlərinə münasibətdə strateji mövqedən yanaşmasının vacibliyini ifadə etmişdir. O, bununla bərabər Azərbaycanın üzləşdiyi problemlərin önündə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının dayandığını xatırlatmış və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında göstərdiyi səyləri təqdir etməklə yanaşı, Azərbaycan xalqının təbii olaraq, konkret nəticələr gözlədiyini ifadə etmişdir. E.Süleymanov həmçinin evlərindən didərgin düşmüş Azərbaycanlı məcburi köçkünlərdən bəhs etmiş və xüsusilə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin birbaşa qayğısı altında, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat vermişdir.
Səməd Seyidov öz növbəsində Azərbaycan üçün beynəlxalq münasibətlərin məxsusi əhəmiyyət daşıdığını izah etmiş və Azərbaycanın xarici siyasətinin kökündə hər kəslə dostcasına əlaqələr qurmaq məqsədinin dayandığını söyləmişdir. ABŞ ilə münasibətlərin mühümlüyünü vurğulamış S.Seyidov mərhum Prezident Heydər Əliyev və ABŞ-ın sabiq Prezidenti Bil Klintonun 1999-cu ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri haqqında sazişə atdığı imzaların bütün Cənubi Qafqaz regionunun gələcək tarixini dəyişdiyini qeyd etmişdir. Enerji sahəsində əməkdaşlığın Cənub Qaz Dəhlizinin yaradılması üzrə davam etdirildiyini göstərmiş S.Seyidov Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi töhfəyə istinad etmişdir.
Komitə sədri ABŞ-Azərbaycanın münasibətlərinin regionun gələcəyi üçün ümdə əhəmiyyət daşıdığını bildirmiş, lakin eyni zamanda bəzi hallarda bu münasibətləri məhdud miqyaslı problemlərin girovuna çevirmək cəhdlərinin mövcud olduğunu demişdir. O, bu mənada, bir çox hallarda insan haqları ilə bağlı iddialardan Azərbaycanın Avropa və ABŞ ilə daha sıx münasibətlər qurmaq cəhdlərinin əleyhinə istifadə edildiyini göstərmişdir.
S.Seyidov bundan əlavə hazırda İslam dininin müasir dünya ilə uzlaşması ilə bağlı qaldırılan suallara Azərbaycanın tutarlı cavablar təqdim etdiyini söyləmiş və əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanın Avropa Şurasının tamhüquqlu üzvü kimi, Avropanın insan hüquqları və demokratiya kimi dəyərlərini bölüşdüyünü, qadınların cəmiyyətdə önəmli yerlərə sahib olduqlarını və ölkədə dini tolerantlığın hökm sürdüyünü bəyan etmişdir.
Millət vəkili Asim Mollazadə ABŞ-Azərbaycan münasibətlərinin möhkəm əsaslar üzərində dayandığını qeyd edərək, ölkələr arasında təhlükəsizlik sahəsində aparılan əməkdaşlıqdan söz açmış və Azərbaycan hərbiçilərinin müxtəlif vaxtlarda beynəlxalq koalisiyaların tərkibində Balkanlar, İraq və Əfqanıstanda xidmət etdiklərini və bu gün belə Azərbaycan əsgərlərinin Əfqanıstanda Kabul aeroportunu qoruduqlarını açıqlamışdır. O, Azərbaycanın həmçinin Əfqanıstanın dirçəlməsinə yönəlmiş fəaliyyətlərə verdiyi töhfəni qeyd etmiş və Əfqanıstandakı beynəlmiləl qüvvələr üçün hava daşımalarında Azərbaycanın rolunu vurğulamışdır. Eyni kontekstdə, Azərbaycan Milli Məclisinin üzvü terrorçuluğun yalnız güc hesabına məğlub edilməsini mümkün saymamış və maarifləndirmə işinin böyük önəm daşıdığını ifadə etmişdir. Azərbaycandakı müxtəlif dinlərin təmsilçiləri arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasını təqdir etmiş A.Mollazadə bu mənada Azərbaycanın bir model təşkil etdiyini demişdir.
A.Mollazadə bundan əlavə Avrasiya regionunda cərəyan edən hadisələrə dair öz fikirlərini bölüşmüş, Azərbaycan-İsrail münasibətlərinin inkişafından söz açmış və eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu daxil olmaqla, regional nəqliyyat şəbəkəsinin təsis edilməsi üçün aparılan fəaliyyətləri təqdim etmişdir.
Məruzələrin ardınca Azərbaycanlı natiqlər moderator və iştirakçıların suallarını cavablandırmışdır.