Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib.
Tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, gənclər və idman nazirinin müavini İntiqam Babayev, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP GB-nin ötənilki fəaliyyətini əks etdirən hesabat xarakterli fotoslayd təqdim edilib.
Mərasimdə çıxış edən Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Ə.Əhmədov bildirib ki, bu günün yaranmasından 20 il ötür: "Tədbirin məhz 2 fevrala salınması da təsadüfi deyil. Bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb”.
Ə.Əhmədov diqqətə çatdırıb ki, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Biz gənclərimizlə qürur duyuruq. Azərbaycan gəncliyinin qarşısında duran ən müqəddəs vəzifə dövlətimizin qorunmasıdır. İkinci vəzifə Azərbaycanın gücünün, qüdrətinin artmasına gənclərin öz töhfəsini verməsidir. Milli ideyanın, dəyərlərin daşıyıcısı olmaq Azərbaycan gəncliyinin qarşısında duran ən mühüm vəzifədir. Hesab edirəm ki, Azərbaycan gəncinin qarşısında duran vəzifə onun ölkəmizi layiqincə təmsil etməsidir. Digər vəzifə isə Azərbaycanın gələcəyinə hazır olmaqdan ibarətdir. Sizi əmin etmək istəyirəm ki, YAP bu işdə sizə dəstək olmağa hər an hazırdır”.
Daha sonra çıxış edən Milli Məclisin vitse-spikeri B.Muradova gəncləri təbrik edərək söyləyib ki, bu günün təşəbbüskarı olan ümummilli lider Heydər Əliyev milləti irəli aparan gənclərlə bağlı çox iş görüb: “Arzu edirəm ki, sizlər Azərbaycanın ən layiqli vətəndaşı kimi öz öhdəliklərinizi uğurla yerinə yetirəsiniz. Sizlər həqiqətən də öz öhdəliklərinizi bilən, vicdan borcunu məsuliyyətlə yerinə yetirməyi bacaran gənclərsiniz. Hesab edirəm ki, siz həyatınızın ən xoşbəxt dövrünü yaşayırsınız. Bu, bizi sevindirir və ruhlandırır”.
Tədbirin sonunda ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.