Azərbaycan və Sloveniya arasında olduqca yaxşı əlaqələr mövcuddur və ölkələr arasında həll olunmamış məsələlər yoxdur. Bunu Sloveniyanın Azərbaycandakı səfiri (iqamətgahı Ankaradadır) Milan Yazbeç deyib.
Onun sözlərinə görə, iki ölkə arasında siyasi əlaqələrdə daimi aktiv dinamika müşahidə olunur: "Tərəflər Sloveniya Prezidenti Borut Pahor və xarici işlər naziri Karl Eryavetsin Azərbaycana səfərləri üzərində işləyirlər. Ümid edirəm, bu səfərlər tezliklə baş tutacaq".
Diplomat Sloveniya və Azərbaycan arasında mütəmadi siyasi dailoqun vacibliyini vurğulayıb: "Tərəflərin beynəlxalq məsələlərdə ümumi baxışları var. Siyasi dialoq çox vacibdir. Lakin siyasi dialoqun daha bir məqsədi ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Biz hər bir siyasi səfərin həm də iqtisadi xarakter daşımasına çalışırıq. Əmtəə dövriyyəsinin son göstəricisi 15 milyon dollardır, lakin bu, kifayət deyil. Biz bu göstəricini artırmağa çalışırıq".
M.Yazbeçin sözlərinə əsasən, martın 3-4-də Bakıda keçiriləcək Sloveniyanın mədəniyyət günləri çərçivəsində Sloveniya Dövlət Şurasının sədri Mitya Bervar başda olmaqla paytaxta iş adamlarından ibarət nümayəndə heyəti səfər edəcək: "Qarşıdakı görüşdə hər iki tərəfdən bir neçə yüz iş adamı iştirak edəcək".
Səfir Sloveniya və Azərbaycan xalqlarının tarixi və mədəni yaxınlığını da qeyd edib: "Sloveniya və Azərbaycan kiçik ölkələrdir. Əlbəttə ki, Azərbaycan enerji məsələləri baxımından çox güclü ölkədir. Son 100 ildə bizim tariximiz və mədəniyyətimiz daha oxşar olub. Bu, çox vacibdir və yaxşı əlaqələr üçün əsasdır".
O bildirib ki, tərəflər ölkələr arasında birbaşa aviareysin açılması üzrə danışıqlar aparırlar və çarter reysləri də planlaşdırılıb ki, bu reyslərin reallaşdırılmasına yayda başlamaq nəzərdə tutulur: "Azərbaycan Hava Yolları" QSC ilə danışıqlar davam edir və yayda Sloveniyaya çarter reysləri açmaq niyyətindəyik".
M.Yazbeçin sözlərinə görə, bütün bunlar iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafı üçün yaxşı təkan olacaq.