Elmar Məmmədyarov mayda Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin iclasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Slovakiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş nazirinin müavini, xarici və Avropa işləri naziri Miroslav Layçak ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, M.Layçak iki dost ölkə arasında münasibətlərin intensiv və praqmatik xətt üzrə inkişaf etdiyini qeyd edərək, iqtisadiyyat, enerji, kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.

E.Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu diqqətə çatdırıb. O, əlavə edib ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsinə, xüsusilə, investisiyaların qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlərin imzalanmasına ehtiyac var.

Slovakiyanın enerji tranzitində əlverişli mövqeyə malik olduğunu deyən E.Məmmədyarov bu sahədə iki ölkə arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib.

M.Layçak Azərbaycanın xarici işlər nazirini bu ilin may ayında Bratislavada keçiriləcək Vişeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin birgə iclasında iştirak etməyə dəvət edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verən E.Məmmədyarov bildirib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

M.Layçak regionun sabitliyi və regiondakı münaqişələrin sülh yolu ilə həllinə dəstəklərini ifadə edərək, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini və Minsk qrupu formatı çərçivəsində münaqişənin həllini dəstəklədiklərini bildirib.

Görüş əsnasında iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qeyd olunub və qarşılıqlı şəkildə diplomatik təmsilçiliklərin təsis olunmasına razılıq ifadə olunub.

Görüşdən sonra hər iki nazir tərəfindən birgə mətbuat konfransı keçirilib.

2015-01-27 / 00:00
Facebook