Prezident İlham Əliyev: Azərbaycan neftin qiymətinin təsirindən getdikcə daha az asılı olur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edib.

Prezident İlham Əliyev Forumun “Transformasiya prosesində regionlar: Avrasiya” sessiyasında iştirak edib.

Dövlət başçısı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqil olub: "Bu, regionda böyük dəyişiklik, eləcə də bizim qarşımızda böyük vəzifə idi, çünki müstəqil dövlət qurmaq imkanı yaranmışdı. Biz dövlət qurmalı, eləcə də bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan müasir iqtisadiyyat yaratmalı idik”.

İlham Əliyev Azərbaycanda baş verən transformasiyalar barədə də danışıb: “Bizim üçün transformasiya siyasi sistemin transformasiyası demək idi, çünki müstəqilliyin əldə edilməsinə qədər bu bizdə yox idi. Bu, həmçinin planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına transformasiya idi”.

Prezident bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır və iqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir: "Biz neftin qiymətinin təsirindən getdikcə daha az asılı oluruq. Eyni zamanda, beynəlxalq maliyyə institutları, o cümlədən AYİB və digərlərinin yardımı ilə iri infrastruktur layihələrinin həyata keçirilməsi üçün çox iş görülüb".

Dövlət başçısının sözlərinə əsasən, neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatı qarşısında yeni vəzifələr qoyur: "Burada müsbət məqamlar da var. Bu bizi daha səmərəli olmağa, daha az xərcləməyə səfərbər edəcək və aşağı neft qiymətləri ilə yaşamağa öyrədəcək ki, bu da bizim üçün çox faydalıdır".

İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq donor ölkəyə çevrilib və bir sıra layihələri yalnız özü maliyyələşdirir.

Dövlət başçısı vurğulayıb ki, hazırda Azərbaycanın enerji resursları regionda vacib rol oynayır: "Avropa İttifaqının ən iri infrastruktur layihələrindən biri olacaq Azərbaycan qazının Avropaya tədarükünü nəzərdə tutan iri "Cənub Qaz Dəhlizi" layihəsi bu yaxınlarda işə salınıb".

Azərbaycan Prezidentinin sözlərinə əsasən, iqtisadiyyatın şaxələndirilməsi hər bir ölkə, xüsusilə də neft-qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir.

İlham Əliyev əlavə edib ki, regionda terror hücumları ilə bağlı hədələr daxil olmaqla münaqişələr və təhdidlər mövcuddur: "Ölkə hüdudlarından kənarda əvvəlcədən proqnozlaşdırılan vəziyyətə malik olduğunuz zaman ölkədə sabitlik tam şəkildə bərpa edilə bilər. Buna görə də enerji və nəqliyyat layihələrimiz hər bir ölkənin ondan mənfəət əldə edə bilməsi üçün geniş milli və regional əməkdaşlığa yönəlib".

Prezident bildirib ki, Azərbaycan hökumətinin siyasəti bütün tərəflərin - istehsalçılar, tranzit ölkələr, istehlakçılar - imkanlardan mənfəətlə istifadə etməsinə yönəlib: "Bununla da bu, bir növ Azərbaycanın yarada bildiyi kollektiv işdir".

Qeyd edək ki, yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.

Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular daxildir.

Hər il olduğu kimi, bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən çox nümayəndə qatılıb.

2015-01-23 / 00:00
Facebook