Latviya Azərbaycan sahibkarlarını ölkə iqtisadiyyatına investisiya yatırmağa çağırır. Son illər Latviya və Azərbaycanda kiçik həcmdə də olsa qarşılıqlı investisiyalar yaranıb. Proses gedir və həri iki ölkənin hökuməti bunun inkişafında maraqlıdır. Bu barədə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis bildirib.
2015-ci ildə əməkdaşlıq üzrə hər iki ölkə hökumətinin prioriteti əlbəttə ki, iqtisadi əlaqələrin inkişafı olacaq. H.Baumanisin sözlərinə görə, iki ölkə arasında ildə (son 3 ilə əsasən) təqribən 30 milyon dollar səviyyəsində sabit əmtəə dövriyyəsi mövcuddur: "Azərbaycanın digər Mərkəzi və Şərqi Avropa ölkələri ilə olan əmtəə dövriyyəsi ilə müqayisədə əmtəə dövriyyəsinin bu həcmi çox yüksək deyil. Bu, ölkələrimiz arasında məsafənin çox olması ilə izah edilir. Bütün malları uzaq məsafələrə daşımaq sərfəli deyil - daşıma qiymətlərinə görə maya dəyəri artır, buna görə də hər iki hökumət informasiya texnologiyaları, rabitə, proqram təminatı, xidmət sahəsinin malları - dizayn, tikinti və arxitektura sahələrindəki mallar hesabına əmtəə dövriyyəsininin artımını yüksəltməyi məqsədəuyğun hesab edirlər".
Diplomat qeyd edib ki, mütəmadi qarşılıqlı səfərlər və əməkdaşlıq üçün perspektiv sahələri öyrənən müxtəlif sektorlardan olan özəl sahibkarların təcrübələri iqtisadiyyat sahəsində ikitərəfli əməkdaşlığın inkişafına vacib töhfə verəcək: "İqtisadi əməkdaşlığın bu səviyyəsində birgə müəssisələrin yaradılmasına böyük diqqət ayırmalıyıq. Azərbaycan kapitalı və Avropa nou-hausu ilə Azərbaycanda hansı birgə müəssisələrin yaradılması imkanlarını öyrənməliyik. Bununla da birgə investisiyaların plankasını yüksəltməliyik".
H.Baumanis əlavə edib ki, Azərbaycan sahibkarları Latviya iqtisadiyyatının inkişafına sərmayə yatıra bilərlər: "Bu, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və tikinti, arxitektura sahələri ola bilər".
Diplomat deyib ki, Latviya Azərbaycandan idxal əvəzinə, bu ölkəyə daha çox ixrac edir: "Burada nisbət təqribən birin 10-dır. Latviyada Azərbaycanın meyvə, müxtəlif şirələri və s. məhsulları çox yaxşı tanınır".
Səfir vurğulayıb ki, turizm iki ölkənin əməkdaşlığının perspektivli sahələrindən biridir: "Son illər Azərbaycan turistlərinin Latviyaya axınının artması müşahidə edilir. Yayda Bakıdan Riqaya mövsümi birbaşa reys həyata keçirilir. Mütəmadi reysin açılması məsələsi aviaşirkətlərin özünün səlahiyyətindədir. Əgər onlar belə reysin açılmasının rentabelli olacağını hesab etsələr, həmin hava xətti açıla bilər".