Maliyyə Nazirliyi: Dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsi genişləndiriləcək

Qurum səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiqinə başlayacaq, büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlər həyata keçirəcək

Maliyyə Nazirliyində ötən ilin dövlət büdcəsinin icrasının yekunları, həmçinin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası və 2015-ci ildə qurumun qarşısında duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, qurumun struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir, kollegiyanın sədri Samir Şərifov bildirib ki, ötən il üçün icmal büdcənin gəlirləri 23,1 mlrd. manat və ya 104,9%, xərcləri 21,3 mlrd. manat və yaxud 87,2% icra olunub.

2014-cü il dövlət büdcəsinin mədaxili 18,4 mlrd. manat və ya 100,2% icra edilib, xərcləri isə 18,7 mlrd. manat və ya 93,2% icra olunub, qarşıya qoyulan bütün öhdəliklər yerinə yetirilib.

S. Şərifov bildirib ki, dövlət və icmal büdcələrinin şəffaflığının, səmərəliliyinin və ünvanlılığının təmin edilməsi istiqamətində işlər 2014-cü ildə də davam etdirilib, dövlət büdcəsi xərclərinin yarıdan çox hissəsinin proqramlar və məqsədli tədbirlər əsasında tərtibinə və icrasına nail olunub.

Onun sözlərinə görə, 2015-ci ilin dövlət və icmal büdcələrinin göstəricilərinin ətraflı, sadə və anlaşıqlı dildə vətəndaşlara çatdırılması üçün “Vətəndaşın büdcə bələdçisi” kitabı hazırlanıb.

Nazir bildirib ki, dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası proseslərinin, dövlət maliyyəsinin idarə olunması və hesabatlılıqla bağlı həyata keçirilən bütün bu tədbirlər öz müsbət əksini Dünya Bankı, Avropa İttifaqı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən Azərbaycanda uğurla başa çatdırılmış Dövlət Xərcləri və Maliyyə Hesabatlılığının (PEFA) qiymətləndirilməsi hesabatında da tapıb. Aparılan qiymətləndirmə nəticəsində 31 göstəricidən 17-si üzrə ciddi irəliləyişlər və yüksək nəticələr əldə edilib.

Cari ilin dövlət və icmal büdcələri barədə danışan nazir qeyd edib ki, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Qanunu prezident İlham Əliyevin daim diqqətində olan bütün dövlət vəzifələrinin uğurla həyata keçirilməsinə, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsinə, ölkənin bütün sahələrdə təhlükəsizliyinin təmin edilməsinə və iqtisadi inkişafının stimullaşdırılmasına maliyyə təminatı yaradacaqdır.

2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri 21,1 mlrd. manat, kəsiri 1,662 mlrd. manat, icmal büdcənin xərclərinin yuxarı həddi 25,911 mlrd. manat təsdiq edilib.

Kollegiyanın sədri Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının 2015-ci ildə ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin minimum itkilərlə ötüşməsi üçün konkret göstərişlər verdiyini bildirib. Diqqətə çatdırılıb ki, prezident neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacağını bildirib. Bununla bağlı Maliyyə Nazirliyi tərəfindən bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd edən S. Şərifov qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinə cəlb ediləcək vergi və rüsumların əhatə dairəsinin genişləndirilməsi, əvvəlki illərdən qalan və növbəti il üçün nəzərdə tutulan vergi və digər daxilolmaların dövlət büdcəsinə tam alınması, Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində əlavə yaranacaq vergilərin büdcəyə cəlb ediləcəyini bildirib.

Bununla yanaşı, dövlət büdcəsinin sosial öhdəliklərinin, təhlükəsizlik və müdafiə sahələrinin mühüm tələbatlarının, dövlət orqanlarının əsas ehtiyaclarının, xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqlarının, ölkədə keçiriləcək mühüm beynəlxalq tədbirlər üzrə öhdəliklərin və ölkə daxilində və xaricində icrasına başlanılmış və prioritet hesab edilən investisiya layihələrinin yaratdığı öhdəliklərin təmin edilməsi xərclər üzrə qarşıda duran əsas vəzifələrdir.

Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılmasının vacibliyini qeyd edən kollegiyanın sədri nazirliyin aidiyyəti struktur bölmələri, rayon və şəhər üzrə maliyyə orqanları üçün 2015-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş və yerli gəlirləri üzrə nəzərdə tutulan daxilolmaların artırılması, müdafiə olunan və onlara bərabər tutulan xərclər istisna olmaqla, prioritetlik daşımayan, səmərəsi aşağı olan xərclər üzrə qənaət rejiminin tətbiq edilməsi və büdcə təşkilatlarında israfçılığa qarşı sərt tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nazir qeyd edib ki, cari ildə sosial müavinətlər, maaş, pensiya, təqaüd, və digər bütün sosial ödənişlərin vaxtı-vaxtında maliyyələşdirilməsi təmin ediləcəkdir.

İclasda 2014-cü il dövlət büdcəsinin icrasına dair müvafiq qanun layihəsinin və yardımçı materialların hazırlanıb aidiyyəti üzrə təqdim olunması, 2016-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihəsinin vaxtında və daha da keyfiyyətlə hazırlanması üçün qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında yerinə yetirilməsinə dair tapşırıqlar verilib.

İclasada “Mühasibat uçotu və audit sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə görülmüş işlər, habelə Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi çərçivəsində keçirilmiş təlimlərin nəticələrinə dair məlumat verilib.

Kollegiyada müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

İclasın yekununda Prezidentin müvafiq sərəncamı ilə təltif olunan Maliyyə Nazirliyinin bir qrup əməkdaşına dövlət qulluğunda fərqlənməyə görə orden və medallar təqdim olunub.

2015-01-15 / 00:00
Facebook