Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı 2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olublar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevə burada görülən işlər barədə ətraflı məlumat verdi.
Təməli 2011-ci ilin iyununda qoyulan stadionunun inşası sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Stadionda indiyədək layihə çərçivəsində nəzərdə tutulan inşaat işlərinin əsas hissəsi başa çatıb. Tikintidə ən müasir avadanlıqdan və inşaat materiallarından istifadə olunur.
Sonra Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verildi. Bildirildi ki, stadionun interyerində də son tamamlama işləri aparılır. Buraya gələn qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bu gün dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycan ilk Avropa Oyunlarına sürətlə hazırlaşır. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşasında da işlər sürətlə davam etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda inşaat prosesinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər. Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 68 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilir.
Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.
Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.