Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi ilə tanış olub

Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

 Leyla Əliyevaya sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verilib.

Bildirilib ki, sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir.

Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində iştirak etmiş 18 əsər də nümayiş olunur.

Qeyd edək ki, Mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə çərçivəsində sərgi ilə yanaşı, müsabiqə də keçirilib və tədbir iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi mükafatlandırılıb.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il və 2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və “SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə bayram ovqatı yaratmaq məqsədi daşıyır.

Builki sərginin açılış mərasiminin daha bir maraqlı məqamı Heydər Əliyev Mərkəzinin parkına gənclərin gəlişi oldu. Bu coşqun gənclər öz qüvvələrini sanki gündüz bu məkana saçılan günəşin şüalarından, eyni zamanda, dekabr küləyindən alırdılar. Onlar rəngarəng musiqi nömrələrinin sədaları altında rəqslər edir, sərgilənən əsərlər ətrafında fotoşəkillər çəkdirir, fikirlərini bölüşürdülər. Əlbəttə ki, isti qəhvənin, dadlı şirələrin də öz yeri var idi. Gənclərin enerjisi, ruh yüksəkliyi sərginin açılışını əsl bayrama çevirdi. Yeni il əhval-ruhiyyəsi bu möhtəşəm məkanın hər bir guşəsində duyulurdu.

Yeni il hər kəsin - uşaqların və böyüklərin ən çox sevdiyi, bütün il boyu gözlədiyi bayramlardan biridir. Bu bayram özlüyündə hər kəsə xoşbəxt gələcək ümidi və arzuların həyata keçəcəyinə inam bəxş edir. Yeni ilin rəmzlərindən biri olan bəzədilmiş küknar ağacı isə həm də bu arzuların əbədiyaşarlığını ifadə edir. İnsanların Yeni il ağacının dövrəsində şənlənməsi bir növ xoş gələcəyə bəslənən arzular ətrafında birləşmənin əlamətidir.

Sərginin rəsmi açılış mərasiminə Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəmizdə olan tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoy da gəldilər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qonaqlarla görüşərək, sənət əsərlərinə birgə baxdılar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin Mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış oldu.

Sonda sərgiyə toplaşanlarla birgə xatirə şəkilləri çəkdirildi.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən sərgiyə giriş sərbəstdir.

2014-12-26 / 00:00
Facebook