Prezident İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların rifah halının yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğı bu təbəqələrdən olan şəxslərin dövlət büdcəsi hesabına minik avtomobilləri ilə təminatı sahəsində də mühüm addımların atılmasına imkan yaradıb. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamlarının icrasına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 2014-cü ilədək növbəyə dayanmış 1435 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsin minik avtomobilləri ilə təminatını bu ilin ötən dövründə uğurla başa çatdırıb.
Dekabrın 24-də isə ƏƏSMN tərəfindən artıq 2014-cü ildə növbəyə dayanmış müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobilləri ilə təminatına başlanıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu təbəqədən olan 67 nəfərə, habelə 2014-cü ilədək növbəyə dayansalar da, obyektiv səbəblərdən avtomobil ala bilməyən 10 nəfərə “Naz-Lifan” markalı minik avtomobilləri təqdim edilib.
Avtomobillərin təqdim olunması zamanı əlilliyi olan şəxslərə dövlət qayğısından söz açılıb, onlara ödənilən sosial müavinətlərin orta aylıq məbləğinin 2004-cü illə müqayisədə ötən dövrdə 8,1 dəfə artırıldığı bildirilib.
Qeyd olunub ki, bu insanların və ümumən sosial cəhətdən həssas digər əhali kateqoriyalarının sosial müdafiəsinin daha da gücləndirilməsi üçün təkcə son bir ildə dövlət başçısı tərəfindən ümumilikdə 10-dan çox fərman və sərəncam imzalanıb. Həmin sənədlərə əsasən, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb. Həmçinin əmək pensiyası almaq hüququ olmayan ümumi səbəbdən I qrup əlil şəxslərə sosial müavinətdən əlavə ayda 60 manat məbləğində Prezident təqaüdünün, habelə müharibə əlilləri və şəhid ailələrinin ödənişli ali və orta ixtisas təhsili alan övladlarının təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsinə başlanılıb.
Yeni minik avtomobillərinin sahibləri daim dövlət qayğısı ilə əhatə olunmalarından razılıqla söz açıblar. Onlar müharibə əlillərinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.