Dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 1 milyon 876 min 14 seçici səsvermədə iştirak edib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin ilkin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Bildirilib ki, Azərbaycanda sayca dördüncü olan bələdiyyə seçkiləri işğal altındakı ərazilər istisna olmaqla digər ərazilərdə, yəni, 118 seçki dairəsi üzrə 5015 məntəqədə keçirilib. Bütün məntəqələr vaxtında açılıb və gün ərzində seçki prosesi Seçki Məcəlləsinin tələbinə uyğun olaraq keçirilib. Saat 19:00-da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, məntəqələr bağlanıb və səslərin sayılmasına başlanıb. Məntəqələr üzrə protokollar tərtib edildikdən sonra nəticələr MSK-nın internet səhifəsində yerləşdirilib.
Ümumilikdə bütün məntəqələrdə səsvermə normal şəraitdə keçib. Müşahidəçilər bütün məntəqələrdə həm səsvermənin gedişini, həm də səslərin sayılması prosesini izləyiblər. Gün ərzində seçicilərin fəallığı ilə bağlı MSK beş dəfə ictimaiyyətə məlumat verib. Saat 19:00-da məntəqələr bağlanarkən səsvermədə iştirak etmiş seçicilərin sayı 1 milyon 876 min 14 nəfər və yaxud ümumi seçicilərin 38,93 faizini təşkil edib. Hesab edirəm ki, bu, kifayət qədər yüksək göstəricidir.
MSK sədri deyib ki, 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə seçkilərdə 37 min 77 namizəd iştirak edib. MSK-nın internet saytında Komissiya üzvləri, katibliyin əməkdaşları, aşağı seçki komissiyalarının nümayəndələri 1000 məntəqədə quraşdırılmış veb-kameralar vasitəsilə səsvermə prosesini izləyiblər. Gün ərzində MSK-ya səsvermənin nəticələrinə xələl gətirə biləcək ciddi müraciətlər daxil olmayıb. “Qaynar xətt” vasitəsilə Komissiyaya əsasən məlumat və sorğu xarakterli 161 müraciət daxil olub. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi seçkilərin “exit-poll” tədqiqatını həyata keçirib. Onların seçici fəallığı ilə bağlı məlumatı MSK-nın elan etdiyi məlumata yaxındır. Onlar seçici fəallığının 38,3 faiz olduğunu elan ediblər.
M.Pənahov bildirib ki, 5015 məntəqədən hesabat vermiş 3509-nun məlumatları MSK-nın saytında yerləşdirilib. Bunlar da ölkə üzrə ümumi məntəqələrin təxminən 70 faizini təşkil edir. Ümumilikdə bələdiyyə seçkiləri üzrə məntəqələrin 1266-dan, yəni 78,78 faizindən məlumatlar daxil olub. İlkin nəticələrə görə, artıq 1024 bələdiyyə (64 faiz) formalaşmış sayıla bilər. Lider namizədlərin ümumi sayı 11 min 926 (ümumi seçiləcək üzvlərin 79,32 faizi) təşkil edir. Bu məlumatların operativ verilməsində aşağı seçki komissiyaları və digər seçki subyektləri üçün keçirilən maarifləndirmə tədbirlərinin mühüm rolu olub. Həm məntəqələrdə səsvermənin gedişi, həm də məlumatların MSK-ya ötürülməsi, eyni zamanda, veb-kameralar vasitəsilə fasiləsiz online rejimdə təsvirlərin yayımlanması demək olar ki, mütəmadi surətdə, heç bir insident baş vermədən həyata keçirilib. Nəticələrlə bağlı məlumatlar hazırda MSK-ya daxil olmaqdadır.
Komissiya sədri deyib ki, dekabrın 24-də günün birinci yarısında bütün ölkə üzrə 5015 məntəqənin nəticələrini əldə edəcəyik və 1607 bələdiyyə üzvü seçilmək üçün lider namizədlərin siyahısı MSK-nın saytında yerləşdiriləcək. Bunlar ilkin rəqəmlərdir. Sabahdan başlayaraq, dairə seçki komissiyalarının protokolları qəbul ediləcək. Seçki Məcəlləsinin tələbinə görə, protokollar iki gün müddətində MSK-ya çatdırılmalıdır. Dairə seçki komissiyalarının tərtib edəcəyi protokolların sayı əvvəlki seçki ilə müqayisədə kifayət qədər çoxdur.
Daxil olan protokolların MSK-da araşdırılması şəffaf şəkildə həyata keçiriləcək. KİV-lərin, namizədlərin nümayəndələri, müşahidəçilər bu prosesdə iştirak edə bilərlər. Əgər səsvermənin gedişi ilə bağlı MSK-ya şikayət xarakterli rəsmi müraciətlər daxil olarsa Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, biz onlara nəzərdə tutulan müddətdə baxacağıq. Hesab edirəm ki, 20 gün müddətində hər hansı şikayət olmasa və ya şikayətlər olub məhkəmə çəkişmələri başa çatarsa, o zaman MSK artıq seçkilərə yekun vuracaq. Bütün proseslər başa çatana qədər həm KİV-lərin, həm də akkreditasiyadan keçmiş müşahidəçilərin missiyası davam edir.