Heydər Əliyev Mərkəzində böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı musiqili gecə keçirilib

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə Heydər Əliyev Mərkəzində görkəmli şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış oldular.

Sərgi üç bölmədən – “Rəssam Lermontovun əsərlərinin reproduksiyası”, “Şairin bədii surəti uşaqların gözü ilə”, “Lermontov şəxsiyyətinin və onun ədəbi yaradıcılığının Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimləri tərəfindən təqdimatı”ndan ibarətdir. 2014-cü ildə böyük rus şairi və yazıçısı Mixail Lermontovun anadan olmasının 200 illiyi bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda bu münasibətlə müxtəlif tədbirlər keçirilib. Görkəmli şairin 200 illiyinə həsr olunmuş sərgi də bunların sırasındadır. Sərgi iki xalq arasında mədəni əməkdaşlığa da töhfəsini verir.

2014-12-23 / 00:00
Facebook