Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Bakıda “Gənclər təşkilatları: yeni imkanlar və müasir çağırışlar” mövzusunda tədbir işə başlayıb.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, digər rəsmi şəxslər, gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.
Tədbirdə çıxış edənlər əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətindən, həyata keçirilən müvafiq dövlət proqramlarından danışıblar.
Bildirilib ki, 2011-ci il dekabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Gənclər Fondu yaradılıb. Üç il ərzində Fond tərəfindən 6 qrant müsabiqəsi keçirilib. Müsabiqələr yerli, beynəlxalq, fərdi, səfər qrantları və inkişaf layihələri daxil olmaqla 5 kateqoriya üzrə həyata keçirilir. Fond ilk dəfə elektron müraciət sistemi yaratmaqla gənclərin bu qurum ilə əməkdaşlığını daha asan və maraqlı edib. Müsabiqələr çərçivəsində icra edilmiş və qalib olmuş layihələr Azərbaycanın bütün bölgələrini əhatə edir. Gənclər, həmçinin il boyu Fondun səfər kateqoriyasına müraciət edərək xarici ölkələrdə keçirilən təlimlərə, seminarlara və digər tədbirlərə qatılmaq imkanı əldə ediblər.
Fond ölkəmizdə ilk dəfə olaraq gənclərin layihələrini internet vasitəsilə qəbul edib. İlk qrant müsabiqəsində Fonda 165 layihə daxil olmuşdusa, sonuncu - 6-cı qrant müsabiqəsində 1249 layihə daxil olub. Bir neçə həftə əvvəl 6 qrant müsabiqəsinin nəticələri elan edilib.
Fond gələcəkdə müxtəlif telekanallarda intellektual layihələri, gənclik və idman layihələrini, sosial çarxlar müsabiqələrini, ixtiraçılığın inkişafına dəstək verən layihələri də həyata keçirəcək. Hazırda Fondda 304 gənclər təşkilatı və 3842 fərdi gənc qeydiyyatdan keçib.