Prezident İlham Əliyev: ARDNŞ-ın iştirak etdiyi layihə Malta ilə münasibətlərin inkişafında yeni imkanlar açacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Malta Respublikasının Baş naziri Cozef Muskatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri Cozef Muskatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini deyən Maltanın Baş nazir Cozef Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən Cozef Muskat iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırdı. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrimizin genişlənməsi baxımından önəmini vurğuladı. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi. Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən Cozef Muskat Azərbaycan ilə imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini dedi. Dövlətimizin başçısı ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd etdi. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən Prezident İlham Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

2014-12-16 / 00:00
Facebook