“Azərbaycan hakimiyyəti həmişə dialoqa hazır olub və dialoq əhvali-ruhiyyəsi ilə fəaliyyət göstərib”. Bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir qrup müxalifət partiyasının rəhbərləri ilə keçirilən görüşdə bildirib.
O, qeyd edib: “Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz Azərbaycanı təkcə iqtisadi rifah, iqtisadi islahatlar, iqtisadi yüksəlişlə təsəvvür etmirik, eyni zamanda, ölkədə həyata keçirilən siyasi islahatlar davamlı xarakter daşımalı, dövlət idarəçilik sistemi, siyasi sistem daim təkmilləşdirilməlidir. Modernləşmə siyasəti təkcə sosial-iqtisadi sahəni əhatə etmir, həm də dünyada təcrübədən keçmiş, özünü doğrultmuş siyasi islahatların sistem şəklində reallaşdırılmasını ehtiva edir: “Biz hesab edirik ki, Azərbaycan cəmiyyətinin inkişafı, daxili idarəçilik sisteminin təkmilləşdirilməsi söz və məlumat azadlığı, vətəndaş cəmiyyəti institutlarının iştirakı təmin edilmədən, siyasi partiyaların opponentlik fəaliyyəti olmadan qeyri-mümkündür”.
PA rəsmisi deyib ki, ona görə də Azərbaycan hökumətinin media, qeyri-hökumət təşkilatları və siyasi partiyalarla görüşləri davamlı xarakter daşıyır: “Bu gün də keçirilən görüş məhz Azərbaycanın bir qrup müxalifət partiyasının təşəbbüsü ilə reallaşdırılıb. Partiyaların istədiyi məsələlər ətrafında müzakirə aparacağıq, onların fikirlərini dinləyəcəyik, ümumiləşdirəcəyik və mən, Azərbaycan hakimiyyətinin nümayəndəsi kimi onları müvafiq strukturlara, Prezident Administrasiyasına və Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdıracağam”.
Ə.Həsənov bildirib ki, siyasi partiyalarla, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şəraitində işləyən hakimiyyətlər güclü olur: “Ona görə də biz Azərbaycan hakimiyyətinin nümayəndəsi olaraq, siyasi opponentlərimizlə konstruktiv dialoqa həmişə açıq olmuşuq, bundan sonra da açıq olmağa davam edəcəyik”.
İqtidar-müxalifət dialoqu mətbuata qapalı keçirilib. Görüşdən sonra mətbuata açıqlama veriləcəyi gözlənilir.