Hikmət Hacıyev: “Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bildirib“

“Ən böyük etimad quruculuğu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olar”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin müsahibəsi

- ATƏT Minsk Qrupunun həmsədrlərinin 4 dekabr tarixli bəyanatında Böyük Sülh Sazişinə çağırış edilir. Azərbaycanın mövqeyi nədən ibarətdir?

- ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri səviyyəsində 4 dekabr tarixində Bazeldə verilən bəyanatda Böyük Sülh Sazişi üzrə tez bir zamanda danışıqlara başlanmasının vacibliyi vurğulanır. Azərbaycan dəfələrlə Böyük Sülh Sazişi üzərində işləməyə hazır olduğunu bildirib və xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Bazeldə keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında çıxışı zamanı bu mövqeni bir daha bəyan edib.

Ermənistan isə, göründüyü kimi, Böyük Sülh Sazişinin üzərində işə başlamaq üçün heç nə etmək istəmir, yalnız bəhanələrə, o cümlədən əsassız şəkildə prinsiplərin razılaşdırılması məsələsinə əl ataraq, siyasi möhtəkirlik yolu ilə diqqəti Böyük Sülh Sazişi məsələsindən yayındırır. Həmsədrlərin son bəyanatında isə qeyd olunur ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əks olunan elementlər və prinsiplər, xüsusilə sonuncu Paris görüşündə müzakirə olunanlar münaqişənin hərtərəfli həllinin əsasını təşkil edir. Həmsədrlərin də qeyd etdiyi kimi, münaqişənin həllinin vaxtı yetişib. Ermənistanın bəhanə və yalanlarına heç bir əsas yoxdur.

- Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan həmsədrlərin münaqişənin sülh yolu ilə həlli barədə çağırışını başqa cür şərh etdi. Əslində məsələ necədir?

– Ümumiyyətlə, ATƏT-in sonuncu nazirlər toplantısında Nalbandyanın çıxışı xüsusi isterik tonu və məzmunu ilə yadda qalıb. Nalbandyanın ifadə etdiyi bu isteriya Ermənistan rejiminin mövcud əlacsız və dalana dirənmiş durumunun təsviridir. Həmsədrlərin bəyanatında münaqişənin sülh yolu ilə həllinə dair edilən çağırışları da Ermənistan məqsədyönlü şəkildə təhrif edir. Münaqişənin sülh yolu ilə həllinə çağırış mövcud “status-kvo”nun əsasını təşkil edən işğal və təcavüzün aradan qaldırılması deməkdir. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən dövlət başçıları və digər səviyyələrdə qəbul edilmiş bəyanatlarda daim mövcud “status-kvo”nun qəbuledilməzliyi vurğulanıb. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, işğal və təcavüz faktının aradan qaldırılması ilə mövcud “status-kvo” dəyişdirilə bilər.

- Hərbi helikopterin vurulmasından qaçmağın mümkün olduğu barədə bəyanatda yer alan məqamı necə şərh edərdiniz?

- Bu kimi halların baş verməməsi üçün Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmalıdır. Prezidentlərin Soçi, Uels və Paris görüşlərindən sonra danışıqlarda müşahidə olunan müsbət meyllərin əksinə olaraq, Ermənistan tərəfindən təxribatçı məqsədlərlə işğal olunmuş Azərbaycan ərazilərində genişmiqyaslı hərbi təlimlər keçirilib və hərbi hava qüvvələri vasitəsilə döyüş və hücum manevrləri edilib. Təlimlərin özü ən böyük təxribat idi. Həmsədrlərin son bəyanatında qeyd olunduğu kimi, gərginliyi daha da artıran addımlara yol verməmək əvəzinə, Ermənistan qəsddən təhrikçi addımlara əl atıb.

Ermənistan tərəfi etimad quruculuğu məsələsini də möhtəkirlik obyektinə çevirib. Ən böyük etimad quruculuğu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması olar.

- Həmsədrlər tərəfindən münaqişənin humanitar aspektlərinə də toxunulub.  Bu məqamı necə izah etmək olar?

- Həmsədrlər tərəfindən münaqişənin humanitar aspektləri ilə bağlı Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin 2010-cu il (oktyabr) tarixli Həştərxan bəyanatına da istinad olunur. Təəssüf ki, Ermənistan tərəfindən münaqişə nəticəsində 4000-dən artıq itkin düşmüş azərbaycanlının taleyi barədə hələ də məlumat verilmir. Öz doğma torpaqlarında ata-analarının qəbirlərini ziyarət edən Dilqəm Əsgərov və Şahbaz Quliyev həbs edilib və onların üzərində saxta məhkəmə qurulub, digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə öldürülüb. Göründüyü kimi, Ermənistan tərəfi münaqişənin həlli istiqamətində konkret addımlar atmaq əvəzinə, yenə də danışıqların mahiyyətini və həmsədr ölkələrin 4 dekabr tarixində verdikləri bəyanatın mahiyyətini təhrif edir. Gündəmdə Böyük Sülh Sazişi kimi konkret məsələ olduğu halda, Ermənistan artıq buna konkret cavab verməlidir. Ermənistan nə qədər tez bu reallığı dərk edərsə, bir o qədər də tez münaqişənin həllində irəliləyişə nail olmaq mümkün olar.

2014-12-08 / 00:00
Facebook