İlham Əliyev Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Türkiyənin qarşıdakı ildə G20-yə sədrliyi münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, bunu Türkiyənin beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib. Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha ölkələrimizin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan minnətdarlığa görə təşəkkürünü bildirib, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə edib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

2014-12-02 / 00:00
Facebook