“Yonhap Imazine”: Azərbaycan – Prometeyin seçdiyi zəngin torpaq

“Burada müasir fəvvarələr, yaşıllıqlar, brend mağazalar və restoranlar var”.

Koreya Respublikası Yonhap Xəbər Agentliyinin “Imazine” jurnalının dekabr nömrəsində “Azərbaycan – Prometeyin seçdiyi zəngin torpaq” sərlövhəli məqalə dərc edilib.


Məqalədə ölkəmizin tarixi, paytaxt Bakı şəhəri ilə yanaşı, rayonların sürətli iqtisadi inkişafı, gözəl təbiəti, qədim abidələri barədə ətraflı məlumat verilir.

Müəllif bildirir ki, küləklər şəhəri olan Bakı qədimliklə müasirliyin birləşdiyi bir məkandır. Paytaxt Bakı şəhərində orta əsrlərə aid arxitekturanın qorunub saxlanmasına baxmayaraq, buraya səyahət edərkən müasir göydələnlər də baş gicəlləndirir.

“Azərbaycan koreyalılar üçün naməlum ölkədir. Mən də Azərbaycana ilk dəfə idi ki, səyahət edirdim. Azərbaycan Xəzər dənizi sahilində yerləşən əsrarəngiz ölkədir. Paytaxt şəhərə ilk dəfə ayaq basarkən çox təəccübləndim. Orta əsrlərə aid gözəl qalaları, küçələri ilə tanınan Bakı, həmçinin çoxlu sayda hündür müasir binaları olan əsl Avropa şəhəridir. İnsanlar azad, gülərüz, mehribandırlar və Şərq aləmində məhz bu ölkədə ilk dəfə olaraq qadınlara seçib-seçilmək hüququ verilib”, - deyə müəllif qeyd edir.

İçərişəhərdən söhbət açan müəllif bildirir ki, paytaxtın şərqində yerləşən bu ərazidə qədim Şirvanşahlar sarayına, Qız Qalasına, digər qədim tikililərə, o cümlədən Karvansaraya, məscidlərə, qüllələrə, hamamlara rast gəlmək olar. İçərişəhərin daş döşənmiş küçələri ilə gəzərkən sanki orta əsrlərə səyahət edirsən.

Müəllif yazır ki, qala divarlarının bir tərəfində qədim İçərişəhər, digər tərəfində müasir Fəvvarələr Meydanı yerləşir. Bu meydan sanki Paris, Frankfurt və ya Berlin küçələri kimi çox müasir və insanların gur olduğu yerdir. Fəvvarələr Meydanına və ətraf küçələrə hamar mərmərlər döşənib. Burada müasir fəvvarələr, yaşıllıqlar, brend mağazalar və restoranlar var.

Fəvvarələr Meydanına açılan Nizami küçəsini paytaxt Seulun Myonqdonq ərazisinə bənzədən müəllif qeyd edir ki, bu küçədə Avropanı xatırladan gözəl binalar, müasir geyim, idman və elektron mallar satılan mağazalar, restoranlar, barlar, çay evləri yerləşir.

Paytaxtdakı dənizkənarı bulvarın insanların asudə vaxtlarını keçirmələri üçün gözəl məkan olduğunu bildirən müəllif buradakı Bayraq Meydanının əzəmətini xüsusi vurğulayır. Qeyd edilir ki, burada təmiz dəniz havası almağa çıxan çoxlu insanları, o cümlədən turistləri görmək olar.

Bakı gecələrinin füsunkarlığına heyran olan müəllif günün bu vaxtında paytaxtın sanki yenidən doğulduğunu bildirir. Gecələr buradakı binalar bərq vuran işıqları ilə göz oxşayır.

Bakıda olarkən Qobustana səyahət etmiş müəllif buradakı qayaların üzərində olan təsvirlərin Azərbaycanın qədim tarixindən xəbər verdiyini xüsusi vurğulayır: Bakıdan 64 kilometr aralıda yerləşən bu ərazi sanki nəhəng qayalıq yerdir. Bu qayaların üzərində 6 mindən çox təsvir var ki, bu da ən qədim insanların buradakı mağaralarda yaşadığını göstərir. Bu ərazi 2007-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycana səfəri çərçivəsində İsmayıllı və Şəki rayonlarında da olan koreyalı müxbir jurnalın oxucularına ölkəmizin bu əraziləri barədə də geniş məlumat verir. Bildirir ki, Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşən Lahıc qəsəbəsi Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaradırdı. Lahıcda 2 mindən çox əhali yaşayır. Onların əsas məşğuliyyəti misgərlik və xalçaçılıqdır. Qəsəbədə gəzərkən yol boyu dəmirçi emalatxanalarına rast gəlmək olur.

Azərbaycanın gözəl guşələrindən biri olan Şəkidən söhbət açan müəllif yazır ki, 90 min əhalisi olan bu rayon qədim zamanlarda İpək Yolu ilə səyahət edən tacirlər üçün istirahət məkanı olub. Müəllif Xan Sarayından, onun pəncərələrini bəzəyən şəbəkələrdən bəhs edərək bildirir ki, onların hazırlanması üçün 1000 ədəd şüşə parçasından istifadə edilib.

Şəkidəki Aşağı və Yuxarı karvansaraylardan bəhs edən koreyalı müxbir bildirir ki, XVIII-XIX əsrlərdə tacirlər burada gecələyirdilər. Aşağı Karvansaraydan beş dəqiqəlik məsafədə yerləşən Yuxarı Karvansarayın həyətində hazırda fəvvarə quraşdırılıb və burada 300 qonağı qəbul edə biləcək otaqlar var.

Müəllif məqalədə, həmçinin Şəkidəki Alban məbədinin tarixi barədə məlumat verərək qeyd edir ki, məbədin ətrafında tunc dövrünə aid, üzəri şüşə ilə örtülmüş bir neçə qəbir var.

2014-11-29 / 00:00
Facebook