Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycanda qadın ipək baş örtüyü olan kəlağayının ənənəvi hazırlanması sənəti, eləcə də onun geyinilməsi və rəmzlərinin Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsi müzakirə olunacaq.
YUNESKO-ya istinadən verilen məlumata görə, Parisdə YUNESKO-nun mənzil-qərargahında perulu Xose Manuel Rodriges Kuadrosun rəhbərliyi altında Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasının açılışı keçirilib.
Açılışda 950 nəfər iştirak edib. Tədbir noyabrın 28-dək davam edəcək.
Komitə sabahdan yeni elementlərin iki siyahıya - Təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı və Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına - daxil edilməsi ilə bağlı təklifləri nəzərdən keçirməyə başlayacaq. Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilməsi üzrə namizəd-elementlər arasında Azərbaycanın milli qadın ipək baş örtüyü olan kəlağayının ənənəvi hazırlanması sənəti, eləcə də onun geyinilməsi və rəmzləri də var.