“Ermənistan Respublikasının hərbi-siyasi rejiminin helikopter hadisəsi ətrafında bir neçə gündür qaldırdığı ajiotaj elə bir həddə çatıb ki, artıq düşmən tərəfi xalqı sakitləşdirmək və dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün davamlı surətdə dezinformasiyaya əl atır, faktları qarışdırır və yalan yaymaqla hərəkətlərinə bəraət qazandırmağa çalışır”. Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Müdafiə Nazirliyi bir daha bildirir ki, vurulan Mi-24 döyüş helikopterinin və pilotlardan ikisinin qalıqlarının, o cümlədən birinin cəsədinin ərazidən çıxarılması üçün guya Ermənistan tərəfinin hansısa xüsusi əməliyyat keçirməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur, bu uydurmadır və erməni xalqının diqqətini yayındırmaq məqsədini güdür: “Tam əksinə düşmən tərəfi son günlər Mi-24 döyüş helikopterinin vurulduğu ərazidə təxribat törətməklə gərginliyi saxlamağa və bu məsələyə bəzi beynəlxalq təşkilatları da cəlb etməyə cəhd göstərir. Azərbaycan tərəfi ilk gündən helikopterin qalıqlarının və ekipaj üzvlərinin cəsədlərinin ələ keçirilməsi və ya hər hansı başqa məqsədlə bu istiqamətdə heç bir addım atmamışdır. Bildiririk ki, düşmən tərəfinin bu ərazidə “xüsusi əməliyyat keçirməsi” kimi absurd, uydurma və əsassız fikirləri qətiyyətlə rədd edir, həmin istiqamətdə ərazinin tam olaraq Silahlı Qüvvələrimizin nəzarətində olduğunu bəyan edirik”.
Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin Trend-ə verdiyi məlumata görə, aviasiya uçuşları üzrə hərbi mütəxəssisləri tərəfindən erməni tərəfinin təqdim etdiyi videomateriallar ustalıqla hazırlanmış çox yaxşı videomontaj kimi qiymətləndirilir: “Pilotların ailələrinə hansı vəziyyətdə onların qalıqları da verilib bunu da təsəvvür etmək çox çətindir. Aviasiya uçuşları üzrə hərbi mütəxəssislərin rəyinə görə, Mi-24 döyüş helikopterinin partlamasından və yerə çırpılmasından sonra oradakı cəsədlərin nə texniki, nə fiziki baxımdan, heç nəzəri cəhətdən də ictimaiyyətə göstəriləsi halda olması belə mümkün deyildir.
Belə ki, 11 ton çəkisi olan, saatda 250 km sürətlə yerə çırpılan helikopterdən düşən cəsədin də videoda təqdim olunan formada qalması texniki cəhətdən mümkünsüzdür. Fiziki cəhətdən isə insan bədəni yanarkən bədən üzvləri xeyli dərəcədə deformasiyaya uğrayır. Odur ki, erməni tərəfinin guya Mi-24 döyüş helikopterinin ekipaj üzvünün cəsədi kimi təqdim etdiyi və elə düz formada videoda əks olunan kimi uzanaraq həlak olması da qeyri-mümkündür. Yəqin ki, bunu az-cox biliyi olan patoloqoanatomlar da təsdiq edər”.
Mütəxəssislərin fikrincə, təqdim olunan ekipaj üzvlərinin geyim formaları Mi-24 döyüş helikopterinin ekipajına aid olması da çox şübhəlidir və müəmmalı suallar doğurur: “Nümayiş etdirilən paraşütün qalıqları da aviasiya mütəxəssisləri tərəfindən birmənalı və ciddi qarşılanmır. Texniki baxımdan “İqla” daşınan zenit raket kompleksi ilə vurulduqdan sonra baş verən partlayış nəticəsində cəmi 3-4 saniyə yanaraq yerə düşən və zərbədən tam dağılan Mi-24 helikopterin ekipajının qərar qəbul etməsi, hazırlaşması, paraşütlə tullanması və paraşütün ermənilərin təqdim etdiyi görünüşü vəziyyətində qalması nə nəzəri, nə praktiki, nə də fiziki baxımdan mümkün deyildir. Paraşüt özü tezalışan, dərhal yanan kapron materialdan hazırlandığından, yüksık dərəcədə yanğın olan zaman onun videoda görünən formada qalması da şübhəlidir. Buradan isə bir nəticə çıxarmaq olar - ermənilərin təqdim etdikləri foto-video görüntülərin helikopter hadisəsi ilə heç bir bağlılığı yoxdur”.