Dağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz olaraq qalır. Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır.
Bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərin qondarma Dağlıq Qarabağ rejiminin “başçısı” Bako Saakyanın hazırda Fransada səfərdə olması və Fransanın bəzi şəhərlərinin merləri ilə görüşü ilə bağlı sualına cavabında bildirib.
Səfir qeyd edib ki, B.Saakyanın Fransaya səfər etməsi və orada şəhər merləri ilə görüşməsi barədə heç bir məlumatı yoxdur.
P.Mönyenin sözlərinə görə, Fransa qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və onun mövqeyi dəyişməz qalır.
Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, B.Saakyan noyabrın 20-də Parisə səfər edib.