Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Pakistan Prezidenti Məmnun Hüseynlə görüşüb.
Görüşdə M.Hüseyn Dağlıq Qarabağ məsələsində ölkəsinin Azərbaycana davamlı dəstəyini vurğulayıb.
O, Pakistan və Azərbaycan arasında ikitərəfli müdafiə, ticarət və iqtisadi əlaqələrin bundan sonra da inkişafının vacibliyinə toxunub.
Prezident qeyd edib ki, Pakistan Azərbaycanla əlaqələrinə çox böyük önəm verir. O, həmçinin Azərbaycanın Kəşmir məsələsində Pakistana göstərdiyi dəstəyi də yüksək qiymətləndirib.
M.Hüseyn bildirib ki, Pakistan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin Pakistan Silahlı Qüvvələrinin Təlim institutlarında təlim keçməsinə şad olardı. O, həmçinin qeyd edib ki, Pakistan Azərbaycan zabitləri üçün ingilis dili kursları da təklif edib.
Prezident Pakistanın TRACECA-ya (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) üzvlüyü məsələsində Azərbaycandan dəstək istədiyini deyib.
Azərbaycanın müdafiə naziri Z.Həsənov iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.