"Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Bu dinamikanın saxlanılması üçün tədbirlər ardıcıl şəkildə davam etdirilir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ali qurumu - üzv dövlətlərin Assambleyasının üçüncü sessiyasının iştirakçılarına təbrik məktubunda deyib.
Təbrik məktubunun mətnini Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov oxuyub.
Prezident məktubda bildirib: "Hörmətli Assambleya iştirakçıları! Sizi Bakı şəhərində Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının açılışı münasibətilə təbrik edir, səmimi qəlbdən salamlayıram. Ölkəmizdə şəffaf ictimai münasibətlər sistemi formalaşdırılmış, demokratik institutların fəaliyyəti təmin edilmişdir. Fəaliyyətimiz beynəlxalq təşkilatlar və nüfuzlu reytinq agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Bu, həm də dövlət idarəçiliyinin yenilənməsi və korrupsiyaya qarşı mübarizənin uğurla aparılması üçün mövcud qətiyyət və möhkəm siyasi iradə ilə bağlıdır".
İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə də korrupsiyaya qarşı mübarizəni prioritet elan etmiş və beynəlxalq səviyyədə bu problemlə ciddi məşğul olmaq əzmini göstərmişdir: "Ölkəmiz bu sahədə bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır. Azərbaycan BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasına ilk qoşulan dövlətlərdən biridir. Şəffaflıq, açıq hökumət prinsipləri, elektron hökumət, innovativ yanaşma dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Dövlət xidmətlərinin göstərilməsində tətbiq etdiyimiz korrupsiyanı tam istisna edən xidmət modeli digər ölkələr üçün də nümunə ola bilər".
Dövlət başçısı bildirib ki, korrupsiyaya qarşı mübarizənin səmərəli olması üçün təhsil və təlim daim diqqətdə saxlanılmalı, yaxşı təcrübələr mütəmadi mübadilə edilməlidir: "Beynəlxalq Antikorrupsiya Akademiyası bu sahədə aktiv töhfə verən yeni beynəlxalq təşkilatdır. Bu fəaliyyət üzv dövlətlər tərəfindən dəstəklənməlidir. Əminəm ki, Assambleya bu sahədə yeni təşəbbüslərin və əməkdaşlıq əlaqələrinin möhkənlənməsi üçün yeni imkanlar açacaqdır. Sizi bir daha təbrik edir, Assambleyanın işinə uğurlar arzulayıram!"
Qeyd edək ki, tədbirə 43 ölkədən 130-dan çox nümayəndə, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlar - Avropa Şurası, Avropa İttifaqı, Korrupsiyaya qarşı Dövlətlər Qrupu, (GRECO), Avropa Komissiyasının Dələduzluqla mübarizə üzrə Avropa bürosunun rəhbərləri, müstəqil antikorrupsiya qurumlarının rəhbərləri, ədliyyə və daxili işlər nazirləri iştirak edirlər.
Xatırladaq ki, Beynəlxalq Antikorrupsiya Akademiyası BMT-nin Korrupsiya Əleyhinə Konvensiyasının implementasiyası çərçivəsində həmin Konvensiyaya üzv olan dövlətlərin 2009-cu ilin noyabr ayında Qətərin Doha şəhərində keçirilmiş 3-cü illik konfransının qərarına əsasən yaradılıb.