Çin XİN: Tarif müharibələri heç kimin maraqlarına xidmət etmir

 

Tarif və ticarət müharibələri heç kimin maraqlarına xidmət etmir. Çin qanuni hüquqların qorunması üçün lazımi tədbirlər görəcək.

Bu sözləri Çin Xarici İşlər Nazirinin rəsmisi Quo Ciakun Çin də daxil olmaqla 14 iqtisadiyyatı hədəf alan ABŞ-nin yeni tarif tədbirləri haqqında danışarkən deyib.

Çinin XİN rəsmisi ABŞ-nin rüsum təhdidlərini beynəlxalq ticarət qaydalarını pozan birtərəfli addımlar kimi qınayaraq Vaşinqtonu mübahisələri dialoq yolu ilə həll etməyə çağırıb.

Quo Ciakun “həddindən artıq istehsal” iddiasının yalan təklif olduğunu və Çinin bundan siyasi manipulyasiya üçün bəhanə kimi istifadəsinə qarşı olduğunu vurğulayıb.

“Hər iki tərəf dövlət başçılarının əldə etdiyi mühüm konsensusu həyata keçirmək, Çin-ABŞ iqtisadi və ticarət əlaqələrinin sabit inkişafını qorumaq üçün birlikdə çalışmalıdır”, -deyən Çin XİN rəsmisi əlavə edib ki, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün lazımi tədbirləri görməyə davam edəcək.

Çinin Kommersiya Nazirliyinin sözçüsü He Yadon da oxşar bəyanat səsləndirərək ABŞ-nin 301-ci maddə üzrə araşdırmasını beynəlxalq iqtisadi nizamı ciddi şəkildə pozan və Dünya Ticarət Təşkilatının qaydalarına təsir edən tipik birtərəflilik aktı kimi sərt tənqid edib. O, ABŞ-ni səhvlərini düzəltməyə, mübahisələri dialoq və məsləhətləşmələr yolu ilə həll etmək üçün düzgün yola qayıtmağa çağırıb.

Qeyd edək ki, ABŞ Ticarət Nümayəndəliyinin Ofisi bu yaxınlarda Çinin həddindən artıq istehsalı ilə bağlı 301-ci bölmə araşdırmasının nəticələrini və Çin də daxil olmaqla 14 iqtisadiyyata əlavə tariflər tətbiq etmək üçün təklif olunan tədbirləri açıqlayıb.

2026-11-26 / 17:37
Facebook